Naxçıvanda ədalət axtardı, zorlama ilə hədələndi

Naxçıvanın Şərur rayonu Çərçiboğan kənd sakini Tamara Nağıyeva

NAXÇIVANDA BACILAR ZORLAMA HƏDƏSİ İLƏ ÜZLƏŞDİKLƏRİNİ DEYİRLƏR

Naxçıvanın Şərur rayonu Çərçiboğan kənd sakini Tamara Nağıyeva Muxtar Respublikada işgəncələrə məruz qaldığını deyir. O, bildirir ki, əlində Naxçıvan Apelyasiya məhkəməsinin onun xeyrinə qərar olmasına baxmayaraq nəinki mülkiyyət hüququ bərpa edilib, əksinə bacısı ilə birlikdə iki gün Şərur rayon polis şöbəsinin zirzəmisində saxlanılıb.

Tamara Nağıyeva başına gələnləri haqqında bunları deyir:

“İki gün zirzəmidə qaldıq. Birinci gün Şərur rayon polisinin rəisi gəlib məni hədələdi. Dedi “lazım olan sənədləri imzalamasan, saçından tutub sürüyərəm səni”.

Sonra bağlı otaqda məni və bacımı guya yoxlamaq bəhanəsi ilə bir qadın zorla tamam soyundurdu. Mən dedim “barı qoy alt paltarlarım qalsın əynimdə”. İcazə vermədi.

Bacıma dedilər ki, “istəyirsiniz sizi zorlayıb sonra da birbaşa dəlixanaya göndərək?” Mən oradakılara da dedim ki, “bu terrordur”. İndi də həmin faciəni xatırlayanda özümə gələ bilmirəm. Elə bilirəm ki, bir uçuruma düşmüşəm və bir də heç vaxt oradan çıxa bilməyəcəm. Hər cür söyüşlər soydülər, döydülər, təhqir elədilər bizi”.

Tamara Nağıyeva ailəsi ilə birlikdə Bakıda kirayədə yaşayır. Deyir 2009-cu ildə kəndə gedəndə görüb ki, həyətin hasarı uçurdulub, ağaclar kəsilib. Yaxın yaxın qohumu bələdiyyənin əli ilə həyətin 200 kvadrat metrini özününküləşdirib.

Şikayət etdikdə Şərur rayon məhkəməsi qohumunun xeyrinə qərar çıxardıb. Sonradan Naxçıvan Apelyasiya məhkəməsi qərarı onun xeyrinə dəyişib.

Amma Şərur rayon polis idarəsinin rəisi Məmməd Hüseynov həmin qərara məhəl qoymayaraq onu zirzəmiyə salıb, mülkiyyətlə bağlı iddiasından imtina etmək barədə sənədlərə imza atdırıb. Gecə saat birdə Sədərək rayon notariusunu gətirib zirzəmidə torpağının 200 kvadrat metrini başqasına verməsi barədə kağızları möhürlətdirib. Sonra da səhəri gün başqa qurumlara aid kağızları imzalamaq şərti ilə onu buraxıblar. Şəxsiyyət vəsiqəsi və digər sənədlərini də o zaman geri alacağını bildiriblər.

Naxçıcan Daxili İşlər naziri Əhməd Əhmədov
“GÖR, NAZİR TAPŞIRMASAYDI, BAŞIMA NƏ GƏTİRƏRDİLƏR”

Tamara Nağıyeva deyir ki, əslində o, Şərur polisinə getməzdən əvvəl Naxçıvanın Daxili İşlər naziri Əhməd Əhmədovun yanında olub, apelyasiya məhkəməsinin qərarını ona göstəribmiş. Əhmədov da nazirliyin cinayət axtarış idarəsinin rəisi Qulu Rüstəmovun vasitəsilə Şərur polisinə qadının haqlı olduğunu və onu incitməməyi tapşırıb:

“Ora düşəndə fikirləşdim ki, gör, hələ nazir tapşırmasaydı bunlar mənim başıma nələr gətirərdilər”.

Tamara Nağıyeva deyir ki, bu ilin may ayından sentyabradək doqquz ev dəyişməklə Naxçıvanda gizlənməli olub. Və yalnız məsələyə Azərbaycanın daxili işlər naziri Ramil Usubov qarışdıqdan sonra onun sənədlərini Şərur polisindən almaq mümkün olub. Bundan sonra o, Bakıya gələ bilib.

APELYASİYA VERMƏK RAYONUN ADINI BATIRMAQMIŞ

Tamara Nağıyevanın sözlərinə görə, polis rəisi Məmməd Hüseynov onu Şərur məhkəməsinin qərarını ləğv elətdirməklə rayonun adını batırmaqda suçlayır. “Deyir Apelyasiya məhkəməsinə müraciət etməməli idin. Halbuki, bu hər bir vətəndaşın hüququdur”.

Siyasi və Mülki Hüquqları müdafiə mərkəzini rəhbəri Pərviz Həşimli deyir ki, Naxçıvanda demokratiya, insan hüquqları ciddi şəkildə pozulur. Onun fikrincə, muxtar respublikadakı vəziyyət əslində mətbuatda yazılanlardan daha dəhşətlidir. O, Nağıyevlər ailəsinin problemi ilə də yaxından tanış olduğunu bildirir:

“Naxçıvanda öz hüquqlarını tələb edən insanlar incidilir. Mən bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubovla insan hüquqları ilə bağlı müzakirə zamanı nağıyevlər ailəsinin də məsələsini qaldırmışdım”.

Pərviz Həşimli hesab edir ki, baş verənlər əslində Naxçıvandakı mövcud durumun göstəricilərindən biridir.

BAKI NAXÇIVANLA BACARMIRSA...

İndi Nağıyeva dövlətdən tələb edir ki, onun mülkiyyət hüququ təmin edilsin: “Yox, əgər Bakı Naxçıvanla bacarmırsa, qoy bunu açıq etiraf etsinlər, camaat da işini bilsin”.

Naxçıvan Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin rəisi Qulu Rüstəmov məsələ ilə bağlı AzadlıqRadiosuna danışmaq istəmədi. Sualımızı eşidən kimi telefonu qapatdı.

Naxçıvanın Bakıdakı nümayəndəliyini rəhbəri Həsən Hacıyev isə deyir ki, “Naxçıvanda qanunlara ciddi riayət olunur. Hüquq mühafizə orqanlarının da cinayət əməli törətməyənlərlə heç bir işi yoxdur”.