Hakerlər Nobel mükafatını serb yazıçısına "veriblər"

Saxta məlumatın surəti

Feyziyyə Hacıyeva


Kimliyi bilinməyən hakerlər oktyabrın 6-da Ədəbiyyat üzrə Nobel mükafatı İsveç şairi Tomas Tranströmerə verilməmişdən az əvvəl bir sıra nüfuzlu KİV-ləri tora salan hoqqa çıxarıblar.

Belə ki onlar Nobel Mükafatının saytına bənzər saxta sayt yaradaraq oraya 2011-ci il üzrə Nobel mükafatının tanınmış serb yazıçısı Dobritsa Çosiçə verilməsi haqda xəbər yerləşdiriblər.

Yalan məlumatda deyilirdi ki, İsveç Akademiyası mükafatı Çosiçə "20 əsrin son dissidenti kimi" verib.

Hakerlərin toruna Belqradın B-92 radiosu, dövlət televiziyası və bir neçə özəl informasiya agentliyi düşüb.

"Kimsə bu fırıldağı əvvəlcədən çox diqqətlə planlaşdırmaq üçün tər töküb" - deyə sonradan yalan xəbəri proqramdan çıxaran B-92 radiosu bildirib.

Hakerlər xəbəri Asoşieytid Press və digər nüfuzlu informasiya agentliklərinə də yollayıblar.

E-mail Serbiyanın İncəsənət və Elm Akademiyasının adından göndərilib və saxta sayta link verilib.

Çosiç həmin akademiyanın üzvüdür.

Akademiya bəyanat verərək yalan xəbərin ona aidiyyatı olmadığını bildirib: "Bu, Serbiya üçün mühüm bir təsisatı və ölkənin ictimai dəyərlərini ələ salmaqdır" - deyə akademiyanın bəyanatında deyilir.

90 yaşlı yazıçı Dobritsa Çosiç qısa müddət ərzində - 1992-ci ildə Serbiya və Çernoqoriyadan ibarət Yuqoslaviyanın prezidenti də olub.

Qanlı etnik konfliktə gətirib çıxarmış serb millətçiliyinin ideoloqlarından olan yazıçı Serbiya diktatoru Slabodan Miloşeviçlə də sıx əlaqələrə malik olub.