Azərbaycanda 60 mindən çox əlil uşaq var

Azərbaycanda əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün yeni layihə və proqramlar hazırlanır.

Bunu Təhsil naziri Misir Mərdanov «İnklüziv təhsil: təcrübə və qarşıda duran vəzifələr» mövzusunda keçirilən tədbirdə bildirib.

«Bu məqsədlə UNICEF-in texniki dəstəyi ilə dövlət proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib», - Təhsil naziri əlavə edib.

M.Mərdanov deyib ki, hazırda Azərbaycanda 60 mindən çox əlil uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır:

«İnternatda təhsil alan uşaqlardan 1353-ü gecələr də həmin məktəblərdə qalır. 7750 əlil uşaq evdə təhsil alır, 268 uşaq isə inklüziv təhsilə cəlb edilib». /Trend/