25 yaşında səmada qeyb olan Qayıbov…

Bu ilin—2011-ci ilin oktyabrın 2-də Azərbaycanın ilk təyyarəçisi sayılan Fərrux ağa Qayıbov 120 yaşına çatdı. Amma Vətənində anılmadı... AzadlıqRadiosunun «İz» proqramı 25 yaşında həyatını itirən bu səma şahinini doğuluşunun 120-ci ilində bir daha xatırlatmağa qərar verdi.

OKTYABRDA DOĞULDU, SENTYABRDA QEYB OLDU...

Qoşa duran aylar--sentyabr və oktyabr Fərrux ağanın həyatının həm başlanğıcının, həm də sonunun şahidliyini edib. Məşhur Qayıbovlar nəslindən olan Fərrux ağa 1891-ci il oktyabrın 2-də Qazaxın Qıraq Salahlı kəndində doğulub. Tiflis Kadet Korpusunda oxuyub, daha sonra Peterburqda üçillik Konstantin Topçuluq Məktəbini bitirib. «İlk Azərbaycan pilotu» (Əliağa Şıxlinski) cəmi 25 yaşında 1916-cı il sentyabrın 12-də Birinci Dünya müharibəsində almanların nəzarət etdiyi (indi Belarusun ərazisidir - S.İ.) Boruno kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.

QƏHRƏMANCASINA...

Lütfən, bu sözün gəlişi gözəl deyildiyini düşünməyin. Çünki almanların özü onun igidliyindən təəccübləniblər. Həmin döyüşdə poruçik Fərrux ağanın «İlya Muromets» təyyarəsi almanların mövqelərinə hücum edib. Qayıbov almanların 3 təyyarəsini vurub. Dördüncü təyyarə onu nişanlayıb, o da dördüncünü... Aldığı zərbədən Fərrux ağanın təyyarəsi yerə çırpılıb. Almanlar o döyüşdə hətta təyyarənin yanıb yerə düşdüyü anın da şəklini çəkiblər. Onlar bu döyüşü yerdən müşahidə edirlərmiş. Və döyüşdən sonra «Fərrux ağa Qayıbovun qəhrəmanlığının təsviri» adlı hesabat da yazıblar. Həmin məlumatı və heyət üzvlərindən qalan əşyaları ruslar tərəfə atmağı da unutmayıblar...

«DÜŞMƏNİ» ŞƏRƏFLƏ, YAYLIM ATƏŞİ İLƏ DƏFN EDİBLƏR

Fərrux ağanın igidliyi almanları elə təəccübləndirib ki, onu və ekipaj üzvlərini şərəflə, yaylım atəşi ilə dəfn ediblər. 93 il sonra xüsusi icazə ilə orada dəfn olunan əsgərlərin məzarını qaydaya salmağa gələn almanlar Fərrux ağa və ekipajın qəbirləri ilə də rastlaşıblar. Qorunub saxlanılan kitaba əsasən, bu məzarların kimə aid olduğu da aydınlaşıb. Almanlar özlərininki ilə birgə bu məzarları da təmir etdiriblər. ..

4 İL ÖNCƏ BAKIYA BELARUSDAN BİR MƏKTUB GƏLDİ

Məktubda Fərrux ağanın igidliklə döyüşüb həlak olduğu barədə vətəninə məlumat verilib. May ayında Belarus Tarix Akademiyasında Fərrux ağa Qayıbov və heyətinin şərəfinə tədbirlər keçiriləcəyi və mətbuat konfransı düzənlənəcəyi bildirilib. Sonda məzarüstü abidənin açılacağı da xəbər verilib. Hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirli maya qədər Fərrux ağa haqqında kiçik bir kitabça hazırlayıb, amma maliyyə ucbatından abidənin açılışına qatıla bilməyib...

ABİDƏNİ ZİYARƏTƏ GEDƏCƏYİ GÜNÜ GÖZLƏYİR...

Şəmistan Nəzirli düz 4 ildir ki, o abidəni ziyarətə gedəcəyi günü gözləyir. Amma bu arzu gerçəkləşmir. İndi dinləyəcəyiniz «İz»də Şəmistan bəy abidənin açılışına qatıla bilmədiyindən təəssüflənir, xalqın ilk səma şahininin məzarını nə vaxtsa onun ölüm günündə--sentyabrın 12-də ziyarət edəcəyini deyir. Amma və lakin nə özü, nə də verilişin aparıcısı bu arzunun gerçəkləşəcəyinə inanır...

Fərrux ağanın—25 yaşında dünyayla vidalaşmış Vətən oğlunun xatirəsini 120 yaşının tamamında heç olmasa sizlər bu verilişi dinləyərək yad edin. Onun haqqında ən geniş bilgini Şəmistan Nəzirlinin dilindən eşidin.