Azərbaycanda zəlzələ gözlənmir

Foto: Arxiv

Ölkə ərazisində seysmik aktivlik yoxdur.

Bu barədə «APA»ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

O deyib ki, Türkiyədəki zəlzələdən sonra daha bir neçə güclü təkan baş verib:

«Bu, olmalıdır. Çünki o cür güclü zəlzələdən sonra avtoşoklar olur. Bu cür təkanlar bu gün də qeydə alınıb. İlk baş verən zəlzələ Naxçıvan ərazisində hiss olunmuşdu. Naxçıvanda, Sədərəkdə, Şərurda 3-3.5 bal gücündə hiss olunub. Sonrakı avtoşoklar isə Azərbaycan ərazisində hiss edilməyib».

Q. Yetirmişli qeyd edib ki, Türkiyədə zəlzələnin baş verdiyi dərinlik qırılmasının Azərbaycana aidiyyəti yoxdur:

«Dərinlik qırılması baş verəndə, hansı qırılma qanadının aktiv olmasına diqqət yetirilir. Müəyyən bir dövrdən sonra həmin qırılmanın başqa bir qanadında aktivlik ola bilər. Belə aktivlik yaxınlıqda olan zəlzələ ocaqlarını oyada bilər. Amma fon səviyyəsində olan və heç bir gərginlik toplanması olmayan ərazidə zəlzələlər oyana bilməz».