Şərif AĞ. Xəyanətkar qadını bağışlama

Nəhəng ədəbiyyat ocaqlarından birində - Qorki adına ədəbiyyat institutunda nadinc və istedadlı tələblər 19-cu əsr romançılığından üyüdüb-tökən müəllimlərindən birini divara dirəyirlər: indi dahi yazıçı varmı?

Müəllim pəncərəyə yaxınlaşır, yorğun baxışlarını Moskvanın qarlı qışına dikərək köks ötürür, gözləri küçədə kimisə axtarır və birdən nadinc tələbələrini əl işarəsi ilə yanına çağırır.

Onlara səkilərin buzunu qırmaqla məşğul olan bir adam göstərib deyir: “Budur dahi yazıçı!”

Müəllimin göstərdiyi adam qırdığı hər kvadratmetrlik buz üçün cüzi əməkhaqqı alan yazıçı Andrey Platonov idi!

Onun insan iztirablarının sonsuzluğunu ustalıqla əks etdirən hekayələri həm də işıqla doludur. Ömrü boyu it əzabı çəkən və bu dəhşətli əzabların, məhrumiyyətlərin məntiqi nəticəsi kimi vərəm xəstəliyi tapan, elə bu xəstəliklə də dünyalar qədər sevdiyi dünyaya əlvida deyən Platonovda insanlara olan inam, onlara bəslənin hüdudsuz ümid və sevgi oxucunu darmadağın edir.

İki dünya müharibəsinin canlı şahidi olan yazıçı əslində ən böyük müharibəni

Bir dəfə yazar dostlardan biri mənim hansısa hekayəm haqqında demişdi: “Sən Platonovu oxusaydın, əsəri o cür bitirməzdin!”

amansız Stalin rejimi ilə aparmışdır. İlk vaxtlar bir sıra əsərləri müəllifinə uğur gətirdi. Onu ən yüksək dairələrdə təqdir etməyə başlasalar da sonralar yazıçının içərisindəki azadlıq eşqini, insan sevgisini və heç bir qəlibə sığmayan mənəvi gücü asanlıqla görə bildilər. Platonovun bir insan kimi həyat faciəsi buradan başlandı. Onu tərk etdilər! Hətta Maksim Qorki kimi humanist bir yazıçı belə onu tənqid atəşinə tutdu. Səbəb çox sadə idi: məşhur “Çevenqur” romanı Stalinin xoşuna gəlməmişdi.

Qəhrəmanlarından biri müharibədən tərxis olunan komandir Aleksey İvanovdur (“Qayıtma”). O, geri qayıdanda oğlunu böyümüş görür. Balaca qızı da atasının gəlişinə sevinəcək qədər böyüyüb. Aleksey İvanov dəyişdiyi vağzalların birində gənc bir qızla tanış olur və içərisində ona qarşı sevgiyə bənzər hisslər yaranır. Əlbəttə insan mələk deyil. Yazıçının təqdimatında ailəli Alekseyi bu “nadincliyinə” görə asanlıqla bağışlamaq olur. Bir gün isə peyğəmbəranə bağışlamaq növbəsi Aleksey İvanovun özünə çatır. O, müharibədə ikən arvadı gənc bir oğlanla görüşüb! Qadın bunu ağlaya-ağlaya etiraf edir və gecənin bir aləmi uşaqların duymaması üçün xısın-xısın danışsalar da ehtiyacın vaxtından əvvəl böyüdüb kişiləşdirdiyi oğlanları bu söhbətin şahid olur. Aleksey ailəsini atmaq qərarına gəlir və uşaqlar yuxuda ikən çamadanını götürüb evdən gedir. Səhər oğlu balaca bacısının əlindən tutub stansiyaya qaçır. Qatar tərpənib artıq. Uşaqlar əl-ələ verib qatarın dalınca düşürlər. Aleksey İvanov uzaqdan qatarın arxasınca qaçan iki azyaşlı uşaq görür. Oğlan onunla ayaqlaşa bilməyən qızcığazı arxasınca sürüyür. Aleksey öz övladlarını tanımır, ancaq bu mənzərə onun qatardan düşməsinə səbəb olur. O, əvvəlcə çamadanını atır, sonra isə özü çamadanın arxasınca atılır...

Nə qədər ənənəvi səslənsə də deməliyik: günahkar müharibədır! Platonov insanları biri-birini anlamağa səsləyir və bu müqəddəs amala yalnız əsərlərində olsa belə qovuşmaq ona təsəlli verir.

Bir dəfə yazar dostlardan biri mənim hansısa hekayəm haqqında demişdi: “Sən Platonovu oxusaydın, əsəri o cür bitirməzdin!”

Plartonovu oxudum, ancaq hekayəmin sonluğunu dəyişmək qərarına gəlmədim. Axı mən insanı Platonov qədər sevə bilmərəm ki, onu belə asanlıqla bağışlayım. Məhz buna görə də məni heç vaxt hansısa ali məktəbin pəncərəsindən barmaqla göstərməyəcəklər.

Qafqazinfo