Avropalı səfirlərin çaşqınlığı, «Venesiya»da qayıqla səyahət və sovet mağazası

Əli Kərimli

«Azadlıq» qəzetinin baş məqalələrindən biri belə adlanır: «MÜXALİFƏT BEYNƏLXALQ BİRLİYİ KÜNCƏ SIXDI». Noyabrın 1-də Bakıda «Vətəndaş fəallığı, siyasi plüralizm və Avropaya inteqrasiya kontekstində toplaşmaq azadlığının rolu» mövzusunda konfrans keçirilib.

Qəzet yazır: «ATƏT, Avropa Şurası, Avropa Birliyinin təmsilçiləri, bir sıra beynəlxalq fondların nümayəndələrinin də iştirak etdiyi konfrans dinamizmi və sərt polemikaları ilə yadda qaldı».

Avropa Birliyinin təmsilçisi, səfir Konstantin Yerokstopoulos Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində problemlərin olduğunu çıxışında qeyd edib.

«O, həmçinin bu azadlıqdan istifadə etdiyinə görə bu ilin aprelində həbsə atılanlarla bağlı da təəssüfünü ifadə etdi.

Digər məruzəçi Aleksandra Delemençuk deyib ki, dinc aksiyanın keçirilməsi üçün hakimiyyət şərait yaratmırsa, tədbirin təşkilatçıları baş verənlərə görə heç bir məsuliyyət daşımırlar.

AXCP sədri Əli Kərimli isə çıxışında səfirlərə sual edib: 10 ildən çoxdur Azərbaycanda fundamental hüquqların pozulması faktı hansı səbəbdən ATƏT parlamentində, ATƏT-in fəaliyyətdə olan sədrləri səviyyəsində müzakirə olunmur? 2005-ci ildə AŞPA məruzəçilərinin Azərbaycana ildə 14-15 dəfə səfər etdiyini xatırladan Əli Kərimli deyib ki, azərbaycanlılar hazırkı məruzəçilərin üzünü görməyə həsrət qalıb: «Nə biz onları tanıyırıq, nə onlar bizi...».

O, səfir Konstantin Yerokstopoulosun çıxışında səsləndirdiyi «beynəlxalq təşkilatlar ancaq 50 il bundan əvvəl mənim ölkəm Yunanıstandakı kimi ekstremal vəziyyət yarananda, sanksiyalara keçir» fikrinə də etiraz edib: «50 ildə şərtlər dəyişib. Avropa məkanında bütün fundamental hüquqları tapdalayan 2 rejimdən biri olmaq ekstremal hal deyilmi? Avropa Şurasının məruzəçisinin 2 ildən çoxdur ölkəyə buraxılmaması ekstremal vəziyyət

Vidadi İsgəndərli

deyilmi?».

ATƏT rəsmisi Con Maqreqor səslənən suallar qarşısında çaşqın durumda qaldığını etiraf edib.

«MƏN KƏFƏNİMİ GEYMİŞ ADAMAM»

«Yeni Müsavat» qəzeti yazır ki, hüquq müdafiəçisi Vidadi İsgəndərli noyabrın 1-də Şəki şəhər Apelyasiya Məhkəməsindəki çıxışında belə deyib.

Vidadi İsgəndərli saxlandığı Gəncə təcridxanasında dözülməz şəraitin olduğunu deyib:

«Gəncə istintaq təcridxanasında betonun üstündə yatırıq. Məhkumlar sidiyə qan gedirlər. Bu nə dövlətdir? Türmə kişilər üçündür. 100 il də türmədə yata bilərəm. Amma insanları günahsız olduğunu bilə-bilə həbsxanaya salmazlar».

Qəzet yazır ki, zərərçəkmiş kimi təqdim edilənlərdən məhkəməyə heç kim gəlməyib.
Proses noyabrın 2-də davam edəcək.

«VENESİYA»DA QAYIQLA SƏYAHƏT

«Yeni Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev Dənizkənarı Milli Parkda «Kiçik Venesiya şəhərciyi» adlanan ərazidəki yenidənqurma işləri ilə tanış olub.
«Kiçik Venesiya şəhərciyi» adlanan ərazidə tikinti və yenidənqurma işləri 2012-ci ilin fevralında yekunlaşdırılacaq:

«Burada yaradılan ümumi uzunluğu 1350, dərinliyi isə 1.3 metr olan kanalda 10 qayığın üzməsi nəzərdə tutulub. İstirahətə gələn vətəndaşların və qonaqların şəhərciyin ərazisində həm qayıqda,

İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işləri ilə tanış olur

həm də piyada sərbəst hərəkəti üçün 6 körpü və 1 tunel tikilib. Kanalların doldurulması üçün 1000 kubmetr həcmində su anbarı, 600 kubmetr həcmində isə sutəmizləyici sahə yaradılıb. Kanalların doldurulması üçün 7000 kubmetr su sərf olunacaq».

Şəhərciyin ərazisində iki restoran da inşa edilir.

«ORADA SOLDA BİR MAĞAZA VAR»

«Bizim yol»un əməkdaşı Bakıda sovet dönəminə aid əşyalar satılan mağazadan reportaj hazırlayıb. Yazı da belə adlanır: «Orada solda bir mağaza var». Müəllif mağazada sovet əsgərinin Ağdərəyə sancdığı SSRİ bayrağına da rast gəlib:

«Bu bayrağın qiyməti 100 manatdan çoxdur. Odur ki, ona ürək edib yaxınlaşan olmayıb».

Mağazada həmçinin, müharibə dövründə istifadə olunan qoruyucular, əsa, qarmon, pioner qalstuku, «Qızıl ordu» əsgər geyimi, müxtəlif orden-medallar da satılır.

Burada satılan bütün mallar əntiqdir.

Satıcı ona bu əşyaları köhnə bakılıların verdiyini deyib: «Yaşayanlar özləri gətirir, rəhmətə gedənlərinsə yaxınları verib. Müharibədə iştirak edənlər hərbi geyimlərini, medala layiq görülənlər medal və ordenlərini, o vaxtın pionerləri öz qırmızı qalstuklarını verir. Kimsə imkansızlıqdan gətirib satır…».