"Üç muşketyor" latın qrafikasında çap edildi

“Qanun” və “Əli və Nino” nəşriyyatlarının birgə layihəsi olan “klassiklər” seriyasında məşhur fransız yazıçısı Aleksandr Dümanın “Üç muşketyor” əsəri latın qrafikasında nəşr olundu.

“Üç muşketyor” romanı fransız ədəbiyya­tının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazılmasına baxmayaraq müasir dövrdə də öz populyarlığını itirməyib.

Maraqlı, dinamik süjet, macəra axtaran gənclərin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, hisslərin romantikası – bütün bunlar təkcə Fransada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir.

Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir.

Əsərin birinci hissəsini Mikayıl Rzaquluzadə, ikinci hissəsini isə Beydulla Musayev Azərbaycan dilinə çeviriblər.