Əvəz Zeynallının apellyasiya şikayəti təmin olunmadı

Əvəz Zeynallı

Noyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim Faiq Qasımov bildirib ki, Əvəz Zeynallının telefonlarının dinlənilməsi və onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məhkəmə qərarı ilə baş verib.

Hakim qeyd edib ki, məhkəmə həmin qərarı baş redaktorun həbsindən 2 gün qabaq, oktyabrın 26-da verib.

Baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı Əvəz Zeynallının həbsindən xeyli əvvəl izləndiyini və telefonunun dinlənildiyini iddia edir:

«Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Guya bunların əlində 26 oktyabrda verilən məhkəmə qərarı olub. Amma istintaqa çağırılan adamlardan görünür ki, telefonlar 5-6 ay əvvəl dinlənilib».

Oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı üç aylıq həbs edilib.

Baş Prokurorluq onun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyini bildirir.

Noyabrın 5-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Daha 3 nəfər Korrupsiya Qarşı Mübarizə İdarəsinə müraciət edərək baş redaktorun onlardan da rüşvət istədiyini bildirib.

Əvəz Zeynallı isə bütün ittihamları təkzib edir. Həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.