Gənclərin aksiyasında saxlananlar var

Noyabrın 15-də saat 14-də İctimai Palatanın gənclər təşkilatları Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirməyə cəhd ediblər.

Onlar «Sərbəst toplaşmaq azadlığı bərpa edilsin!» və «Siyasi məhbuslara azadlıq!» şüarlarını səsləndiriblər.

Bu haqda AzadlıqRadiosuna Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı məlumat verib. Aksiya qısa çəkib:

«Gənclər metronun «İçərişəhər» stansiyasından icra hakimiyyətinə doğru yürüş ediblər. Bu zaman polis zorakılığı ilə üzləşiblər».

Aksiyada saxlananlar var: Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Məclis üzvü Mustafa Hacıbəyli, eləcə də partiyanın Gənclər Təşkilatının üzvləri Rauf Məmmədli, Elnur Ələsgərov, Amid Süleymanov, Kərim Ağarzayev, Cavid Ələkbərov və Demokrat Partiyasının sədri Cəmil Hacıyev.