Pakistanda “ayıb” sözlərin qadağan edilməsi kampaniyası başlayır


Pakistanda telekommunikasiya rəhbərliyi bütün mobil telefon operatorlarına telefonla göndərilən mətn mesajlarında “ayıb” sözlərin yazılmasının qadağan edilməsinə göstəriş verib. Rabitə rəsmiləri vətəndaşlardan aldıqları “saysız-hesabsız şikayətlər” əsasında belə qərar verdiklərini deyirlər.

Ölkədə çalışan beş mobil rabitə operatorunun hamısı təsdiq edib ki, hazırda hökumətin istədiyi yerinə yetirmək üçün texniki vasitələr hazırlamaqla məşğuldurlar.

Yerli medianın xəbərinə görə mobil telefonlarla 1500 sözün ingilis və urdu dilində yazılmasının qadağan olunması tapşırılıb. Siyahıda Pakistanda “açıq” hesab edilən və seksual məzmun daşıyan sözlərlə yanaşı, İsa Məsih, başqa gündəlik həyatda işlədilən sözlər də daxildir.

170 milyon əhalisi olan Pakistanda 100 milyona yaxın mobil telefon istifadəçisi var. Mobil telefonlarla göndərilən mesajlar bu ölkədə hökumət rəsmilərinin və hərbi rəhbərliyinin əleyhinə tənqidi fikirlərin yayılmasının əsas vasitəsi hesab edilir.