Əli Həsənovun İrana səfəri, büdcəni «yeyən» «sair xərc»lər...

Mətbuat icmalı

«Azadlıq» qəzeti «Əli Həsənov İrana niyə gedir?» sərlövhəli yazıda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana gözlənilən səfərini şərh edir. Qəzet yazır:

«Son vaxtlar Qərbin İrana qarşı sanksiyaları ilə bağlı söhbətlər gedir. Bu görüşün təşkili İran tərəfinin təşəbbüsüdür. Görünür, vəziyyət çox gərgindir və İran bunu nəzərə alaraq Azərbaycan tərəfi ilə təmaslara keçib…».

«Ayna» qəzeti«Əli Həsənov Tehrana yollanır» başlıqlı yazıda bu məsələyə toxunur.

«Yeni Azərbaycan» qəzeti hakim Yeni Azərbaycan Partiyası (YAP) haqqında yazı dərc edib. Yazıda YAP-ın hansı ideoloji prinsiplərə əsaslanmasından bəhs edilir:

«Müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq - vətənçilik, varislik-yaradıcı təkamül, konstruktiv əməkdaşlıq-vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri…».

«Yeni Müsavat» qəzeti Azərbaycandakı əcnəbilərin Azərbaycan barədə fikirlərinə yer verib. «Burda dilənçi adamdan pul alıb, sonra da evinə qonaq çağırır» başlıqlı yazıda əcnəbilər taksi sürücülərindən gileylənirlər, paytaxtın mərkəzi ilə kənarı arasında uçurum olduğunu bildirirlər. Əcnəbilər viza məsələsinin də onlar üçün ən yaralı yer olduğunu deyirlər:

«Viza üçün 4 ay gözlədik, 1000 dollara yaxın xərc çəkdik…».

«Büdcənin 60 faizini «yeyən» «sair xərc» nədir? «Bizim yol» yazır ki, «digər», «sair» sözləri altında büdcə vəsaitlərinin böyük hissəsi icra strukturları arasında bölüşdürülür».