Əli Əkbərdən yeni roman gəldi


Yazıçı Əli Əkbərin "Sarı gəlin" adlı yeni romanı çapdan çıxıb.

Yazıçı bu yaxınlarda "Xural" qəzetinə müsahibəsində roman haqda məlumat vermişdi:

- Kitabın redaktoru Elnur Astanbəylidir. Roman haqqında nə deyə bilərəm? Roman bu günə qədər yazdıqlarımın içərisində mənə ən çox əzab verən, ağrıdan roman oldu. Oxucu romanla tanış olanda nə demək istədiyimi başa düşəcək.

Janr kimi “Amneziya” çox rahat əsər idi. Antiutopiya elementləri olan utopiya. Yeni romanın janrını isə müəyyənləşdirə bilmirəm.

Həm siyasi satiradır, həm detektiv elementləri var, istəyən triller də deyə bilər. Bu qədər. Ümumiyyətlə, öz əsərlərim haqda danışmaqda çətinlik çəkirəm.

- Deməli “Sarı gəlin” də, əvvəlki əsərlər kimi siyasi xarakterlidir?

- Bəli. “Amneziya” qədər nikbin əsər olmasa da, qəddar roman olsa da – siyasidir.

Adına gəldikdə isə... əslində ilk baxışdan siyasi görünmür, lakin “Sarı gəlin” kifayət qədər siyasiləşmiş mahnı olduğundan, düşünürəm ki, ad seçimim özünü doğruldacaq. Roman Ermənistan-Azərbaycan konflikti kontekstində yazılmayıb.

Sadəcə qəhrəmanlarımdan biri bu mahnı başda olmaqla, bizim dırnaqarası milli-mental dəyərlərimizin müdafiəçisidir.

Hər zaman olduğu kimi, bu dəfə də ən düzgün qiyməti oxucular verəcək...


Noyabrın 25-də saat 18:00-da “Hiss” Klubda (Qoqol küç. 9) yeni romanın təqdimatı olacaq.