Nazir: "Gələn il Azərbaycanda orta maaş 432 manat olacaq"

Gələn il Azərbaycanda orta aylıq əmək haqqının 432,5 manata, 2015-ci ildə isə 587,7 manata çatacağı, əhalinin real gəlirlərinin müvafiq olaraq 6,8% və 8,9% artacağı proqnozlaşdırılır.

Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev parlamentdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində bildirib.

Ş.Mustafayevin sözlərinə görə, 2012-ci ildə yaşayış minimumu 108 manat, 2015-ci ildə 135,1 manat olacaq:
«Yaşayış minimumunun artması ilə yanaşı minimum əmək haqqının da artırılması planlaşdırılır. 2013-cü ildə Minimum əmək haqqının yaşayış minimumuna çatdırılması gözlənilir.”

Azərbaycanda orta əmək haqqının hesablanması ətrafında mübahisə var. Real orta əmək haqqının qat-qat aşağı olduğunu deyən müstəqil iqtisadçıların iradı budur ki, Azərbaycanda orta əmək haqqı sahələr üzrə əmək haqlarının ortası kimi çıxarılır. Halbuki bütün işləyənlərin əmək haqları toplanıb, işləyənlərin sayına bölünməlidir.