Rəssamlar «Eurovision»u necə qarşılamağı düşünürlər?

Arif Hüseynov

««Eurovision» sevincini məmnunluqla yaşadıq, amma indiki Bakını görəndə çaşqınlıq keçirirəm».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının: «Bakılı rəssamlar «Eurovision»u necə qarşılamağı düşünürlər» mövzusunda açdığı müzakirəyə qatılan xalq rəssamı Arif Hüseynov dilə gətirdi.

HAZIRLIQ DÖVRÜ ÇƏTİN GEDİR...

Bu mərhələnin tezliklə keçəcəyinə ümid bəslədiyini deyən qonağımız onun qurtaracağına da əminliklə yanaşdı: «Ola bilər hazırlıq dövrü iş çətinliklə gedir, çünki vaxtımız azdır, küçələr çox yüklənib. Amma bir rəssam kimi bu qələbənin hər bir çətinliyinə hazır olacağımı düşünürəm».

XALÇADIR, MUĞAMDIR, MİNİATÜRDÜR...

Arif Hüseynov miniatür sənəti ilə bağlı keçirdikləri tədbirlərdən danışdı: «Mənim fikrimcə, Azərbaycan mədəniyyətinin doktrinasında üç əsas sahə var—bu, xalçadır, muğamdır və miniatür sənətidir. Əvvəlki iki sənət müəyyən diqqəti görüb, amma biz miniatür sənətimizdən uzaqlaşmışıq».

YENİ MİNİATÜR SƏRGİSİ—«EUROVİSİON» QONAQLARI ÜÇÜN

Xalq rəssamı «Eurovision» ərəfəsində--may ayında yeni miniatür sərgisi düzənləmək fikrinə gəldiklərini bildirdi: «Qədim miniatürlərimizin—XIV əsr miniatürlərimizin fotosu var. Bir də, müasir rəssamlarımız bu sənəti necə yaşadırlar—bunu göstərməyə çalışacağıq. Sərgini bəlli instansiyalarla danışıb proqrama salacağıq. Qoy musiqi şənliyinə gələnlər təkcə yolları, körpüləri görməsinlər, həm də miniatürlərimizə tamaşa etsinlər».

«XƏTAİ» MİNİATÜR SƏNƏTİ QALEREYASI AÇDIM

Xətai Miniatür Sənəti Qalereyası, 2011

Ötən il miniatür sənəti haqqında proqram qəbul olunduğunu deyən Arif Hüseynov yeni özəl bir qalereya—«Xətai» Miniatür Sənəti Qalereyası açdığını da söylədi: «Niyə Xətainin adını qoyduq. Çünki Şah İsmayılın dövründə Təbriz miniatür məktəbi çox inkişafda olub. O, ətrafına rəssamları, sənətkarları yığırdı. Miniatür Yaxın Şərqin məhsuludur. Hindistanda, Yaponiyada da var. Ancaq bizim məktəbimiz çox güclüdür, amma tanıda bilməmişik. Bizim 5 illik proqramda Beynəlxalq Miniatür Mərkəzinin açılması barədə planımız da var».

BİZ XOR OXUYA BİLMİRİK

Arif Hüseynov Azərbaycanda hamının solist olmaq istədiyini bildirdi: «Biz xor oxuya bilmirik. Komanda alınmır. Futbol alınmır. Güləş alınır. Təkbaşına muğam oxuyuruq. Cəmiyyətin özündə xor oxumaq istəyi yoxdur. Bizim ən ağır problemimiz budur».

VAHİDİN HEYKƏLİNİ TAPA BİLMİRƏM

Qonağımız son vaxtlar sənətkarlarla hesablaşmadıqlarından narahat olduğunu dedi: «Hər şeyi özümüz həll etməyə çalışırıq. Memarlarla hesablaşmırıq, dizaynerlərlə həmçinin. Bir qrup adam bir işi görür. Bir də görürük bina tikildi... Ya bir heykəli götürüb başqa yerə qoyurlar. Məsələn, mən Vahidin heykəlini tapa bilmirəm...».

MİLLİ SUVENİRLƏR SƏRGİSİ KEÇİRMƏK İSTƏYİRƏM

Rəssam İntiqam Ağayevin əsəri

Arif Hüseynov belə bir təklif verdiyini də söylədi: «Çünki milli suvenirlərimiz aşağı səviyyədədir. Yaxşı olardı ki, «Eurovision»da milli suvenirlər sərgisi də keçirək. Elə orada da satışını həyata keçirək. Qoy bu sahə bizdə inkişaf etsin. Musiqi yarışmasından sonra da bunu davam etdirək. Nə qədər Dağıstan xəncərlərini qonağa hədiyyə vermək olar? Düşünürəm ki, «Eurovision» müəyyən sahələrə təsir edəcək, bizi silkələyəcək. O silkələnmədən də nə isə qalacaq».

«EUROVİSİON» ŞANSIMIZDIR

Arif Hüseynov bu yarışmanın Azərbaycan üçün bir şans olduğunu bildirdi: «Əvvəla, neçə milyon insan buna baxacaq. «Azərbaycan» sözü neçə min dəfə təkrar olunacaq. Yoxsa bizi xaricdə çətin tanıyırlar...».

«HOPHOPNAMƏ»YƏ TƏZƏ ƏSƏRLƏR ÇƏKİRƏM

Xalq rəssamı sonda yeni bir xəbərlə bizi sevindirdi. Gələn il M. Ə. Sabirin 150 illik yubileyinin keçiriləcəyini və bununla bağlı «Hophopnamə»yə təzə illüstrasiyalar çəkdiyini bildirdi: «Mənim sevdiyim insanlar var—Üzeyir bəydir, Mirzə Cəlildir, Sabirdir—bunlar hələ bizə çox kömək edəcək».