İrana qarşı sanksiyalar kəskinləşdirilir

Foto arxiv

Avropa Birliyi daha 180 İran şirkəti və mülki şəxsə qarşı sanksiyalar tətbiq edir.

Qərar cümə axşamı Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul edilib.

Amma nazirlər İranın neft sektoruna embarqo qoyulmasıyla bağlı bir araya gələ bilməyiblər.
İrandan neft alan Yunanıstan buna qarşı çıxıb.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə ittiham edir.

Tehran ittihamı rədd edir.

Həmçinin Böyük Britaniya Tehrandakı səfirliyinə edilmiş hücuma cavab olaraq birtərəfli qaydada İrana qarşı sanksiya tətbiq edib.

Bundan başqa Britaniya hökuməti Londondakı İran səfirliyinin bağlanması və bütün İran diplomatlarının ölkədən çıxarılmasını göstəriş verib.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri həmçinin Brüssel görüşündə Suriyaya qarşı sanksiyaları kəskinləşdirmək qərarına gəliblər.

Bundan əvvəl Suriyaya qarşı Ərəb Dövlətləri Liqası da sanksiyalar tətbiq edib.

Öz növbəsində Türkiyə çərşənbə günü Suriyaya qarşı kəskin tədbirlər qəbul edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3500-dən çox adamın öldürüldüyünü deyir.