Obama pakistanlı həmkarına üzrxahlıq edib

ABŞ prezidenti Barack Obama Pakistan prezidentinə bildirib ki, bu ölkəyə hücum bilərəkdən təşkil edilmiş bir hərbi əməliyyat olmayıb.

ABŞ prezidenti Barack Obama NATO-nun hava zərbələri nəticəsində Pakistanın 24 əsgərinin ölümünə görə Pakistan prezidentinə zəng edərək ona başsağlığı verib. Bazar günü telefon zəngində ABŞ prezidenti pakistanlı həmkarına deyib ki, bu itkilər təəssüfedicidir, amma qəsdən planlaşdırılmış bir hücum da olmayıb. Obama noyabrın 26-da baş vermiş bu hücumun tam şəkildə araşdırılacağını da təkrar edib.

Bu hadisəyə görə Pakistan bazar ertəsi Bonnda başlayan Əfqanıstana dair beynəlxalq konfransda iştirak etməmək qərarına gəlib. Pakistan həmçinin NATO-nun Əfqanıstana əsas təchizat yollarından birini də bağlayıb.