Qəzet köşklərində şirniyyat, evindən çıxmayanlara 15 gün vaxt...

Mətbuat icmalı

«İLHAM ƏLİYEVDƏN BAŞQA NAMİZƏD AXTARMAĞA DƏYMƏZ»

«Bizim yol» qəzetinə müsahibəsində deputat Eldar İbrahimov bildirib ki, «vaxtilə Heydər Əliyevin əleyhinə gedən adamlar indi YAP-ın İdarə Heyətində təmsil olunurlar».

E.İbrahimov deyib: «Mənim üçün Heydər Əliyev əvəzolunmaz lider olub. Onun şəxsi keyfiyyətlərinə görə bunu deyirəm. Amma bütövlükdə xalq şahidi oldu ki, bu gün onun ideyalarını, müəyyənləşdirdiyi yolu prezident İlham Əliyev uğurla həyata keçirir. Bu gün İlham Əliyev Heydər Əliyevin siyasəti ilə yanaşı həm də onun liderlik missiyasını həyata keçirir. Ölkədə son illər ərzində edilən dəyişikliklər, uğurlar, abadlıq-quruculuq işləri də buna nümunə sayılmalıdır. Bu baxımdan hesab edirəm ki, Heydər Əliyevdən sonra onun yerində boşluq görünmür…».

YENİ KÖŞKLƏRDƏ QƏZETDƏN BAŞQA HƏR ŞEY SATILIR

«Yeni Müsavat» qəzeti yazır ki, «bu ilin avqustunda paytaxta gətirilən yaşıl günbəzli yeni qəzet köşkləri ilə bağlı narahatlıq getdikcə artır. Bu köşklər əsasən «Qasid» mətbuat yayımı firmasının köşklərinin yerində qoyulur. Yeni köşklərdə isə qəzet əvəzinə daha çox şirniyyat və xırdavat satılır. Oxucular isə köşklərdə müxalifət mətbuatını tapa bilmədiklərindən şikayətlənirlər…».

ABUTALIBOV EVİNDƏN ÇIXMAYANLARA 15 GÜN VAXT VERİB

«Azadlıq» qəzeti yazır ki, Aqil Əliyev küçəsi, 5 ünvanında yerləşən 9-mərtəbəli binanın sakinlərini məcburi köçürülmə təhlükəsi gözləyir. Sakinlər bildirib ki, şəhər icra hakimiyyəti onların mənzilinin 1 kvadrat metrinə 1500 manat təklif edib. Onlar isə bildirib ki, ədalətli kompensasiya olmasa, kütləvi aclıq aksiyasına başlayacaqlar.

İNSAN HÜQUQ VƏ AZADLIQLARINA ETİBARLI TƏMİNAT

«Azərbaycan» qəzeti yazır ki, «şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olub. Ölkədə 50-yə yaxın siyasi partiyanın sərbəst fəaliyyəti, 4500-ə yaxın qəzet və jurnalın mövcudluğu, dini etiqad azadlığı ictimai həyat reallıqları kim diqqəti çəkir…».