14 dekabr Rəşid Behbudovun doğum günüdür

Rəşid Behbudov

«Dekabrın 14-də Rəşid Behbudov adına Mahnı Teatrı təmirdən sonra açılacaq».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi söyləyib.

AXŞAM TEATRDA BÖYÜK KONSERT OLACAQ

O deyir ki, prezident sərəncamına uyğun olaraq teatr iki ildir təmirə dayanıb:

«Möhtəşəm təmirdən sonra teatr qapılarını ilk dəfə tamaşaçıların üzünə açacaq. Axşam bu münasibətlə böyük konsert olacaq».

HANSI YENİLİKLƏR VAR?

Kamil Şahverdi Rəşid Behbudov Fondunun yeni layihəsindən də danışdı: «Rəşid bəy elə sənətkardır ki, hər zaman yeniliklərlə qarşılaşırsan. Hazırda böyük layihənin üzərində çalışırıq. Əlimizdə 20 CD həcmində materiallar var. Nəhayət ki, illərlə topladığımız mahnıları Rəşidsevərlərə təqdim etmək istəyirik. Bu, Fondumuzun Rəşid Behbudovun 100 illiyinə hədiyyəsi olacaq».

ARŞINMALÇI DA 100 YAŞINA ÇATACAQ

Kamil bəy daha bir yubileyi xatırlatdı: «2013-cü ildə «Arşın mal alan» operettasının 100 illiyi qeyd olunacaq. O əsərlə və filmlə bağlı çox maraqlı tapıntılar var. Dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulması və Rəşid Behbudovun müxtəlif dillərdə əcnəbi sənətçilərlə ifası «Məşhur Arşınmalçı» adı ilə CD-lərə köçürüləcək».

QISA XATIRLATMA...

Rəşid Behbudov

​Rəşid Behbudov 1915-ci ildə Tbilisidə doğulub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub.

Tbilisinin «Şeytanbazar» məhəlləsində böyüyən gələcəyin ünlü sənətkarı uşaqlıqdan oxumağa başlayıb.

Əvvəlcə Tbilisinin estrada qruplarında, daha sonra Yerevan Dövlət Caz orkestrində çalışıb.

1943-cü ildə Bakıda qastrolda olarkən təsadüfən «Arşın mal alan» filminin yaradıcı qrupunun diqqətini çəkib və o, bu filmdə Əskər roluna dəvət alıb.

1946-cı ildə bu rola görə o, zamanın ən sayılan mükafatı olan SSRİ Dövlət Mükafatını alıb.

Film 86 dilə çevrilib, 136 ölkədə göstərilib.
Azərbaycan musiqisində Rəşid Behbudov erası belə başlanıb.

Saysız mükafatlar, ən seçkin adlar, aramsız qastrollar, inanılmaz şöhrət hər zaman onunla addımlayıb. O, isə bütün bunların əvəzini əvəzsiz səsi ilə qaytarıb.

Rəşid bəy 1989-cu il iyunun 9-da 74 yaşında Moskvada dünya ilə vidalaşıb.

Ruhu şad olsun!