Salam Sarvan. Üzü qara çıxır şair gecəsi

Od üstdə boş qızır ömrümün qabı...
Gətir Kərəmin də payını içim.
Gözüm su içmir heç bu eşqdən mənim
bu eşq də gözümün suyunu içir.

Üzü qara çıxır şair gecəsi...
Ağsaçlı gündüzlər qarıyıb gedir.
Şaxtaynan quruyan yaş paltar kimi
mənim yaş gözlərim quruyub gedir.

Boyat sözlərini çeynəyir dilim,
özüm yaşlaşıram, vaxtım getmir heç.
Bu nə elçilikdi, yar qapısına
ürəyim də gedir, baxtım getmir heç.