Strauss-Khan avronu batan sala, qayığa bənzədib

Dominique Strauss-Kahn


Qaranlıq məqamları böyük şübhələr doğuran seks qalmaqalı ilə istefa verən Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Strauss-Kahn avronu batmaqda olan sala bənzədib.

Britaniyanın İndependent qəzeti yazır ki, istefa verəndən sonra beynəlxalq səhnədə ilk dəfə böyük çıxış edən Strauss-Kahn Pekində konfransda deyib: “Avropa Birliyinin 27 ölkəsindən 26-sının razılaşdırdığı avronun xilası planı bazarın etimadını bərpa edə bilmədi”.

O daha sonra deyib: “Avro çayın ortasındadır. Nə qədər ki, büdcə ittifaqı yaranmayıb, avro çox kövrək olacaq. Avro çevrilməkdə olan saldır”.

Strauss-Kahnın bu şərhi Avropa Birliyinin 26 hökumətinin və müşahidəçi kimi Britaniyanın iştirak etdiyi toplantıdan bir gün əvvəl səslənib.

Bu günki toplantıda büdcə intizamını möhkəmlətmək üçün hökumətlərarası sazişin əsas istiqamətləri müzakirə olunur. Yekun sənədin layihəsini Avropa Birliyi Şurasının prezidenti Van Rompuy irəli sürüb.
Prinsipial razılaşma isə 11 gün əvvəl əldə olunub.

Sazişin qüvvəyə minməsinə 17 avrozona ölkəsinin razılığı kifayətdir.

Ancaq İndependent soruşur ki, bu, Almaniyanı razı salmağa kifəyət edəcəkmi? Və bazarlar sakitləşəcəkmi?