Qızıl zavodundan oğurluq edən 5 nəfər tutulub

Milli Təhlükəsizlik Nazirliyi (MTN) Gədəbəy qızıl-mis emalı zavodundan qiymətli metalı oğurlamaqda təqsirli bilinən şəxsləri yaxalayıb.

MTN-dən bildiriblər ki, Natiq Səmədov, Valeh Heydərov, Vüqar Haqverdiyev, Zaman Musayevİqbal Sadıqov zavoddan tərkibində 368 qram təmiz qızıl olan 920 qram xam qızılı oğurlayıblar.

Qızıl-mis emalı zavodunda işləyən Zaman Musayev və İqbal Sadıqov həmin zavoddan 1 kiloqrama yaxın xam qızılı oğurlayaraq Vüqar Haqverdiyev və Natiq Səmədovun vasitəsilə Valeh Heydərova çatdırıblarmış. O, həmin qızılı satmaq üçün Bakıya apararkən saxlanıb. Baxış zamanı onun çantasından 920 qram xam qızıl aşkar edilib. Valeh Heydərovun Bakıdakı mənzilindən isə tərkibindən qızıl əldə edilməsi nəzərdə tutulan mikrosxemlər, xam qızılın emalı üçün turşu məhlulu və qaynaq lampası tapılıb.

Fakt üzrə cinayət işi başlanıb, adları çəkilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.