Medvedev siyasi islahat təklif edir

Rusiyada seçkilərdən sonrakı kütləvi etiraz aksiyaları fonunda prezident Dmitri Medvedev ölkənin siyasi sistemində bir sıra islahatlar təklif edib.
Bu islahatlara, o cümlədən, qubernatorların birbaşa seçkisi daxildir.

Ölkənin vəziyyəti haqda ənənəvi illik hesabatında Medvedev deyib: “Mən bizim siyasi sistemin kompleks şəkildə islahatını təklif edirəm. Mən dəyişiklik haqda danışanlara qulaq asıram və onları başa düşürəm. Biz bütün aktiv vətəndaşlara siyasi həyatda iştirak etmək şansını verməliyik”.

Yerli və xarici müşahidəçilər Medvedevin dediklərini seçkilərdən sonra ictimai narazılığı azaltmaq və adamları sakitləşdirmək cəhdi kimi qiymətləndirirlər.

Rusiyanın siyasi elitası 4 dekabr Duma seçkilərindən sonra müdafiədə oynamağa məcbur olub.
Seçkilərdə hakim Vahid Rusiya partiyası Dumadakı əvvəlki yerlərinin 25 faizini itirdi.
Ancaq çoxluğu saxlaya bildi.

Dekabrın 10-da müxalifətin etiraz aksiyasına azı 40 min adam gəlmişdi. 1990-cı illərin əvvəllərindən Rusiyada etiraza bu qədər adam qalxmamışdı.

Rusiyada qubernatorların birbaşa seçilməsini Vladimir Putin 2004-cü ildə ləğv etmişdi. O vaxtda qubernatoru Kreml təyin edir.

Medvedev başqa islahatlar da təklif edib. O təklif edir ki, prezident seçkilərinə qatılmaq istəyəndən tələb olunan imzaların sayı azaldılsın, siyasi partiyaların qeydiyyatı qaydaları asanlaşdırılsın.
Prezident həmçinin təklif edir ki, Dumadakı yerlərin yarısı bir mandatlı dairələrdən seçilsin.

Hazırda Dumanın hamısı partiya siyahıları ilə seçilir.

“Rusiyaya xaos yox, demokratiya lazımdır”- deyən Medvedev bildirib ki, “insanların öz fikrini bildirmək haqqı təmin olunur. Ancaq Rusiya vətəndaşları ilə manipulyasiya etmək, onları çaşdırmaq, yanlış yola yönəltmək yolverilməzdir”.

Bundan əvvəl baş nazir Putin deyirdi ki, nümayişçilər xaricdən yönəldilir, indi də Medvedev xaricdən Rusiyanın işlərinə qarışmaq istəyənlərə xəbərdarlıq edib:
“biz provokatorlara və ekstremistlərə imkan verməyəcəyik ki, cəmiyyətimizi öz işlərinə qatsınlar.
Bizim daxili işlərimizə xarici müdaxiləyə imkan verməyəcəyik”.