Qeyri-İslam dini icmalarına 400 min manat ayrıldı

Arxiv foto

Qafqaz Müsəlmanları İdarəsinin payına büdcədən 2 milyon manat düşüb
Dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycanda fəaliyyət göstərən dini mərkəzlərə maliyyə yardımı edilib. Nazirlər Kabinetinin 17 noyabr tarixli sərəncamına əsasən, həm Qafqaz Müsəlmanları İdarəsinə, həm də ölkədəki qeyri-islam təmayüllü icmalara pul ayırlıb.

Sərəncama görə, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan bu idarəyə 2 milyon manat ayrılıb.

Eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 400 min manat məbləğində vəsait ayrılıb. Bu vəsaitin qeyri-islam təmayüllü dini qurumlar arasında bölüşdürülməsi nəzərdə tutulub.

Komitədən aldığımız məlumata görə, 400 min manat 20 təşkilat arasında bölüşdürüləcək. Bu təşkilatlar 2009-cu ildə “Dini etiqaq azadlığı” haqqında qanuna edilən dəyişiklikdən sonra yenidən qeydiyyatdan keçən dini icmalardır. Onlara fərqli məbləğlərdə maliyyə yardımı ayrılacaq.

Vəsaitin bölüşdürülməsi zamanı icma üzvlərinin sayı nəzərə alınacaq. Bu qurumlar arasında Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Alban-Udi Xristian dini icması, “Molokan ruhani-xristian” dini icması, Bakı Krişna Şüuru dini icması və digərləri var.