«Azadlıq» qəzeti restoranı məhkəməyə verə bilər

Azadlıq qəzeti

«ƏLİ HƏSƏNOVUN AÇIQLAMASI SÜBUT EDİR Kİ...»
«Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun açıqlaması da açıq-aşkar sübut edir ki, «Azadlıq» qəzetinin tədbirinin qarşısı hakimiyyət tərəfindən alınıb». «Azadlıq» qəzetinin redaktor müavini Rahim Hacıyev belə deyir:
«Biz 50 manat beh ödəmişdik. Hər şey razılaşdırılmışdı, hər şeyin yüksək səviyyədə olacağı haqda vəd verilmişdi. Çox təəssüf ki, belə rüsvayçı hadisə baş verdi. Bəlli oldu ki, bu yuxarının göstərişi ilə baş verib. Bu gün Əli Həsənovun açıqlaması da açıq-aşkar sübut edir ki, «Azadlıq»ın 22 illiyi ilə bağlı tədbirinin qarşısı Prezident Administrasiyası səviyyəsində alınıb. Əli Həsənov deyir ki, belə qəzetin tədbiri zamanı işığını da söndürərlər, hələ başqa şeylər də edərlər. Bu da onu göstərir ki, hakimiyyət necə də aqressivdir qəzetə qarşı».
Yada salaq ki, dekabrın 24-də «Azadlıq» qəzetinin 22 yaşı tamam oldu. Bu münasibətlə qəzet rəhbərliyi bir gün sonra siyasətçiləri, hüquq müdafiəçilərini, redaktorları – təxminən 150 nəfəri «Qızıltac» restoranına yığıb. Amma tədbir başlar-başlamaz işıqlar söndürülüb, qonaqlara xidmət dayandırılıb. Restoran rəhbərliyi deyib ki, bu haqda göstəriş yuxarıdan gəlib. Hətta o tədbir sahiblərindən xahiş edib ki, onun balalarının çörəyi ilə oynamasınlar. Bir neçə çıxışdan sonra tədbir dağılıb.
ƏLİ HƏSƏNOV: «AYIBDIR»
Dekabrın 26-da isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hadisəyə münasibət bildirib. O, «Mediaforum» saytına deyib ki, dekabrın 25-dəki tədbirin yarımçıq qalmasında hakimiyyətin heç bir iştirakı və rolu yoxdur:
«Gündə yüz adam tədbir, məclis keçirir. Kiminsə tədbirinin necə keçməsinin hakimiyyətə nə aidiyyəti var?»

Əli Həsənov

Əli Həsənov deyib ki, qəzetin yazdıqlarının əksəriyyəti, xüsusən də prezidentlə bağlı yazdıqlarının hamısı səhv, yalan və böhtandır. O qəzetin bazar günü sayında – tədbir keçirilən gün prezidentlə bağlı çıxan məqaləyə də münasibət bildirib:
«Cənab prezident İlham Əliyev dekabrın 24-də cəbhə bölgəsinə səfər edib, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışını edib. «Azadlıq» qəzetinin bu səfərlə bağlı yazdığı məlumata baxın. Yazıblar ki, prezident göl qırağına ova gedib. Kostyumda, qalstukda ova gedirlər? Sadəcə, adam bu qəzetə deməyə söz tapmır. Ayıbdır!
Həmin gün cənab prezident cəbhə bölgəsinə səfər edib, orada açılışlar edib, tədbirlər keçirib. Səfərin hər dəqiqəsi televiziyalarda göstərilib. Prezidentin bir dəqiqə də olsun boş vaxtı yox idi. «Azadlıq» qəzeti isə yazır ki, prezident ova gedib... Belə qəzetin işığını da söndürərlər, hələ o yana da keçərlər».
«BİZ HAKİMİYYƏTİN İLHAM ƏLİYEVLƏ BAĞLI PR-NA DARMADAĞIN ETMİŞİK»
Rahim Hacıyev bazar günü sayında çıxan məlumata aydınlıq gətirir:
«Bizə ordan məlumat gəldi ki, İlham Əliyev ovda olub. Biz də çap etdik. Belə çıxır ki, biz haqlıyıq. Bununla göstərdilər ki, belə hadisə olub. Və biz İlham Əliyevin ad gününü guya qaçqınlarla keçirməklə bağlı PR-nı darmadağın edib, ona zərbə vurmuşuq. Bu da hakimiyyəti qəzəbləndirib».
LEYLA YUNUS: «DEDİM Kİ, İŞDİ QAZ BURAXSALAR, PƏNCƏRƏNİ TEZ AÇA BİLƏK»

Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir:
«Yaxşı olardı ki, onun ürəkdən gələn sözləri ingilis, fransız dillərinə tərcümə olunsun. Hər yerə yayılsın, xüsusən də Avropa Şurasına, ATƏT-ə. Hamı bilsin ki, Azərbaycanda, rəsmi, Prezident Administrasiyasının nümayəndəsi yeganə müxalifət qəzeti haqqında hansı fikirdədir».
Leyla Yunus deyir ki, Azərbaycanda son 5-6 ildə təkcə küçədə aksiya keçirmək qadağan deyil, hətta qapalı məkanda – kafedə, restoranda, çayxanada müxalifətin, jurnalist və ya qeyri-hökumət təşkilatlarının tədbirlərinə məhdudiyyətlər qoyulur. Ələlxüsus da hakimiyyətlə razılaşdırılmayıbsa və ya nəzarətdə saxlamaq mümkün deyilsə. Leyla Yunus yarızarafat- yarıciddi deyir ki, o tədbirə gedəndə təxribat gözləyirmiş. Hətta qadın həmkarları Mirvari Qəhrəmanlı və Leyla Əliyevaya təklif edib ki, pəncərə yaxınlığında otursunlar:
«Dedim ki, işdi qaz buraxsalar, pəncərəni tez aça bilək. Bir neçə il öncə Çe Gevaranın yubileyini keçirmək istədik. Orda polis hətta Kuba səfirini az qala saxlamışdı. Bu təzə məsələ deyil. Ona görə mən «Azadlıq»ın yubileyinə gedəndə düşünürdüm ki, görəsən, hansı təxribatla üzləşəcəyik? Polis girəcək, qaz buraxacaqlar? Ona görə biz hələ yaxşı qurtardıq».
Bu məsələ dekabrın 26-da Müsavat Partiyasının Divanında da müzakirə edilib. Partiya tədbirin işıqların söndürülməsi kimi cılız üsullarla qarşısının alınmasına etiraz edib və hakimiyyətin bu cür üsullardan əl çəkməsini tələb edib.
«Azadlıq» qəzeti isə «Qızıltac» restoranını məhkəməyə verə bilər. Bu haqda vəkillərlə məsləhətləşmədən sonra qərar veriləcək.