Sos! Bakıda küçə reklamlarının cəmi 6 faizi ana dilindədir

Nəzirməmməd Quliyev

«Bakıda hətta Çin heroqlifləri ilə yazılmış obyekt adlarına rast gəldik».

Bunu AzadlıqRadiosunun «İz» proqramına Söz Azadlığını Müdafiə Fondunun təmsilçisi Nəzirməmməd Quliyev Bakıdakı küçə reklamlarının dili ilə bağlı keçirdikləri monitorinqlərdən danışarkən deyib.

VƏZİYYƏT PİSLƏŞİB

Fondun təmsilçisi ötən ildəki monitorinqlərdən bu yana vəziyyətin daha da pisləşdiyini diqqətə çatdırdı: «Bu dəfə daha üzdəniraq faktlar üzə çıxardıq. Bakının 25 mərkəzi küçə və prospektində yerləşən 875 xidmət obyektində müşahidə apardıq, şəkillər çəkdik. Onların arasında Azərbaycan dilində yazılmış adlar cəmi 6 faiz idi. 63 faiz ingilis dilində, 14 faiz rus dilində, 12 faiz türk dilində, 3 faiz digər dillərdədir. Qalan 2 faizin isə nə məna daşıdığını təyin etmək mümkün deyildi. İtalyan, fransız, yapon və hətta Çin heroqlifləri ilə yazılmış adlar vardı. Monitorinqlərimiz Bakının Binəqədi, Nərimanov, Səbail və Nəsimi rayonlarını əhatə edirdi».

FƏRQLİ İSTİQAMƏTDƏ İŞ APARDIQ

N.Quliyev bu dəfə ötən monitorinqlərdən fərqli istiqamətdə işlədiklərini dedi:

«Azərbaycan MEA-nın Dilçilik İnstitutuna, Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etdik. Vergilər Nazirliyinə, Dövlət Standartlaşdırma və Patent Komitəsinə, Milli TeleRadio Şurasına, Dövlət Əmlak Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Reklamçılar İttifaqına üz tutduq. Millət vəkillərini də məlumatlandırdıq. Millət vəkillərindən yalnız iki nəfər—Sabir Rüstəmxanlı və Elmira Axundova tədbirimizə gəldi».

CAVABLAR QANEEDİCİ OLMADI…

N.Quliyev prezidentin 25 oktyabr 2007-ci il sərəncamına diqqət çəkdi: «Bir pəncərə sisteminin həyata keçməsiylə bağlı şirkət adlarının qeydiyyatı Vergilər Nazirliyinə tapşırılıb. Bu addım bürokratik əngəllərin aradan qalxması üçün atılıb. Adların da qeydiyyatı mərkəzləşdirilib. Amma Vergilər Nazirliyindən verilən cavab bizi qane etmədi. «Firma adlarının qorunması haqqında qanunvericiliyin pozulması hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınmaması üçün əsaslardan biridir» yazmaqla bizə cavab verildi.

Foto: Arxiv

Əslində biz başqa şey soruşurduq. Qanunda da Azərbaycan qanunvericiliyini gözləmək tələb olunurdu».

DİLİMİZDƏ AD TAPMAQ MÜŞKÜLƏ ÇEVRİLİB

N.Quliyev əsasən «Azərbaycan Dövlət Dili haqqında» Qanunun 7-ci maddəsinin 1-ci bəndinin və «Reklam haqqında» Qanunun 6-cı maddəsinin 8-ci bəndinin pozulduğunu bildirdi:

«Bu maddələr eynilə bir-birini təkrarlayır. Orda yazılıb ki, zəruri hallarda reklam adları başqa dillərdə də yazıla bilər. Lakin onun şriftləri dövlət dilinin şriftlərindən kiçik olmalıdır və Azərbaycan dilindən sonra gəlməlidir. Bizdə isə bu qanuna əməl olunmur. Bakı şəhərində Azərbaycan dilində ad tapmaq müşkülə çevrilib. Adam hansı şəhərdə yaşadığını ayırd edə bilmir».

QANUNUN VERGÜLƏ QƏDƏR OLAN HİSSƏSİNDƏN YAPIŞIRLAR

N.Quliyev Standartlaşdırma, Metrologiya və Patent Agentliyindən də keçirdikləri tədbirə nümayəndə gəldiyini dedi: «Gələn nümayəndə tənqidlərimizi təqdir elədi».

Müsahibimiz əsasən Qanunun «zəruri hallarda reklam adları başqa dillərdə də yazıla bilər» sözündən yapışdıqlarını söylədi:

​«Deyirlər ki, bunun əsasında əmtəə nişanlarının başqa dillərdə qeydiyyatdan keçməsinə əngəl törətmirik. Amma sanki Qanunun bu maddəsini axıracan oxumurlar. Orada isə deyilir ki, onun şriftləri dövlət dilinin şriftlərindən kiçik olmalıdır və Azərbaycan dilindən sonra gəlməlidir. Bax, bu, unudulur».

SAHİBKARLARDA XARİCİ ADLARA MEYLLİLİK VAR?

Foto: Arxiv

​Fondun təmsilçisi Bakı şəhər Reklam İdarəsindən də maraqlı cavab aldıqlarını dedi: «Yazıblar ki, bu işlə Vergilər Nazirliyi və Dövlət Standartlaşma, Metrologiya və Patent Agentliyi məşğuldur. Ona görə də, biz bunun qarşısını ala bilmirik. Digər tərəfdən, Azərbaycan sahibkarlarında buna (xarici adlara) meyllilik var».

BU İŞLƏ DÖVLƏT MƏŞĞUL OLMALIDIR

N.Quliyev Reklamçılar İttifaqının cavabından da danışdı: «Hacıəmi müəllim yazdı ki, bunun əsas səbəbi odur ki, ölkədə reklamla bağlı kadr potensialı yoxdur. Bunu qaydaya salmaq üçün Dövlət Reklamçılar Komitəsi yaradılmalıdır».

MİLLİ MƏCLİSƏ MÜRACİƏT ÜNVANLANDI

Fond sonda Milli Məclisə müraciət ünvanlayıb: «Elə tədbirdəcə Milli Məclisə müraciət ünvanladıq. Məsələnin ciddiliyini anlatdıq. Tədbirə qatılan ziyalılar da bu müraciəti imzaladılar. Biz dilimizin qayğısına qalmalıyıq. Dilimiz bizi yaşadıb. Dilimiz bizi imperiyaların əsarətində belə yaşadıb. Amma müstəqil ölkəmizdə dilimizin qədrini bilmirik. Bəlkə indi onun bizə ehtiyacı var?».