Yaxın vaxtlarda pensiyalar artırılacaq

Səlim Müslümov

Yaxın vaxtlarda Azərbaycanda pensiyaların sığorta hissəsinin artımı gözlənilir.
Bu da pensiyaların ümumi artımına gətirəcək.

APA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov dekabrın 30-da mətbuat konfransında bildirib ki, Dövlət Statistika Komitəsi 2011-ci ildə inflyasiyanın səviyyəsini açıqlayacaq:
“Bundan sonra dövlət başçısının (pensiyaların sığorta hissəsinin artırılması barədə) sərəncamı olacaq və sığorta hissəsi artacaq”.

S.Müslümovun sözlərinə görə, pensiyaların sığorta hissəsinin artımı pensiyaçıların əksəriyyətinə şamil olunacaq: «Aparılan islahatlar nəticəsində pensiyaçıların 97,3%-nin pensiyasının məbləği 93,5 manatdan artıqdır. Yalnız 2,7%-i yoxsulluq həddindən aşağı pensiya alır. Yəni bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi var».

2011-ci ildə pensiyaların ümumi məbləğində sığorta hissəsinin xüsusi çəkisi 8,3% artaraq 45%-ə çatıb.

Fond rəhbərinin sözlərinə görə, 2012-ci ildə pensiyaların sığorta hissəsinin artımı məqsədilə 67 mln. manat sərf olunacaq.