Prezident qəzet redaktoruna zəng edib, hədələyib

Almaniya prezidenti Christian Wulff

Almaniya prezidenti Christian Wulff “Bild” qəzetinin baş redaktoruna şəxsən zəng edib.
Ölkə prezidenti hədələyib ki, onun ucuz ev krediti alması haqda yazı çap olunsa, qəzeti məhkəməyə verəcək.

Bunu Almaniya mediası xəbər verir.
Almaniyanın ən çox satılan qəzeti olan “Bild” ölkə prezidentinin qəzetin baş redaktoru Kai Diekmanna zəng etməsini yanvarın 2-də təsdiqləyib.

Qəzet bildirib ki, Wulff səsli mesaj qoyub. Orda prezident qəzetin onun kredit alması haqda yazını çap etmək planından narazılıq bildirir və məhkəmə ilə hədələyir.

“Bild” qəzeti onu da deyib ki, bir neçə gündən sonra prezident yenə zəng edib və mesajının “tonuna və məzmununa” görə üzr istəyib.

“Bild” dekabrın ortalarında yazmışdı ki, ölkə prezidenti varlı iş adamının xanımından 500 min avro kredit alıb. Və Wulff bu məsələni araşdıran Aşağı Saksoniya parlamentinin deputalarına həmin iş adamı ilə münasibətləri haqda yanlış məlumat verib.

“Bild”in bu yazısından sonra prezidentin istefası tələbləri gündəmə gəlib.

İndi Wulffun “Bild”ə zəng edib, təzyiq göstərməsi onun istefası tələblərini bir az da gücləndirir.
Almaniya Jurnalistləri Assosiasiyası Wulffun hərəkətini pisləyib.

Almaniyada prezidentlik böyük səlahiyyətlərə malik vəzifə deyil.
Ancaq Wulffun problemləri kansler Angela Merkelə problem yarada bilər. Wulffun prezident olmasında Merkel xüsusi rol oynayıb.