Yeni söküntü planı, 60 pilotsuz təyyarə…

Mətbuat icmalı

«Exo» qəzeti yazır ki, Azərbaycanda pilotsuz təyyarələr hazırlanacaq:

«Müdafiə Sənayesi Nazirliyi bildirir ki, 2012-ci ildə İsrailin lisenziyası ilə 60 pilotsuz uçan aparat hazırlanacaq…».

«Azərbaycan» qəzeti yazır ki, «Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayıb»:

«2003-cü il oktyabrın 1-də - prezident seçkisi ərəfəsində ilk görüşünü Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən İlham Əliyev «Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq» deyə bəyan etmişdi… Dövlət başçısının verdiyi vəd vaxtından 1 il əvvəl yerinə yetirilib…».

«Ola bilsin ki, çox təhlükəli vəziyyət yaransın, camaat küçəyə çıxsın». Bu fikirləri «Yeni Müsavat» qəzetinə müsahibəsində kinorejissor Rüstəm İbrahimbəyov deyib:

«İslahatlar həyata keçirilməsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək…».

«Bizim yol» qəzeti Bakıda yeni söküntü planından yazır. Paytaxtın mərkəzi hissəsinin planı yanvarın sonuna kimi hazır olacaq. Bu plan Bayraq meydanından «Ağ şəhər»ə, Milli Parkdan Bakıxanov küçəsinə qədər uzanacaq 1500 hektar ərazini əhatə edəcək:

«Hökumət 20 illik plan hazırlayıb, «Sovetski»nin tamamilə yox edilməsi nəzərdə tutulub...».

«Azadlıq» qəzeti «Vicdan məhbuslarına qarşı ayrı-seçkilik»dən yazır:

«Onlarla görüşə imkan vermirlər, siyasi məhbuslara çatacaq sovqatları qəbul etmirlər…».