ABŞ hərbi məktəblərində seksual cinayətlər artır

Foto: Arxiv

ABŞ-ın Hərbi Hava Qüvvələrinin 3 kursantı seksual cinayət törətməkdə təqsirli bilinib. Onlardan biri zorlamada ittiham olunub. Kursantlar son 15 ayda baş verdiyi bildirilən ayrı-ayrı epizodlar üzrə mühakimə olunublar.

Akademiyanın rəis müavini polkovnik Tamra Rank deyib: «Bizim Hərbi Hava Qüvvələrində bu cür cinayətlərə qarşı 0 tolerantlıq siyasəti yürüdülür. Biz öz kursantlarımızdan nümunəvi davranış gözləyirik».

Bundan bir qədər əvvəl ABŞ Müdafiə Nazirliyi hərbi akademiyalarda seksual xarakterli hüquq pozuntularının artdığını bəyan etmişdi. Ötən il belə cinayətlərin sayı 65-ə çatıb. İki il əvvəl isə 41 idi.

2003-cü ildə isə Hərbi Hava Qüvvələri Akademiyasının 10-a yaxın kursant qızları illərlə zorakılığa məruz qaldıqlarını bildirmişdilər. Akademiya əvvəlcə qızların şikayətini qulaq ardına vurmuşdu. Sonrada isə bu məlumat hay-küyə səbəb olmuşdu. Hətta akademiya rəhbərliyi Konqresdəki dinləmələrə çağırılmışdı.