Avropa Birliyi İrana embarqoyla bağlı qərarın müzakirəsini önə çəkdi

Avropa Birliyi İrandan neft məhsulları alınmasına qadağayla bağlı yekun qərarını yanvarın sonu yox, 23-də élan edəcək.

Birliyin yaydığı bəyanatda deyilir ki, bu toplantının dövlət başçılarının sammiti ilə eyni günə düşməməsi üçün tarixi yanvarın 30-dan 23-nə çəkiblər.

Avropa Birliyi daha öncə mübahisəli nüvə proqramından vaz keçirmək naminə İrana təzyiqləri artırmaq üçün neft məhsullarının idxalına embarqo haqda prinsipial razılaşma əldə edildiyini bəyan eləmişdi. Amma bugünkü bəyanat Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı ilə bağlı növbəti məlumatından sonraya təsadüf edir.

Agentlik bazar ertəsi bildirib ki, İran Tehranın 150 kilometrliyində dağın altındakı Fordo zavodunda uranı 20 faizə qədər zənginləşdirməsi ilə bağlı əllərində faktlar var.

ABŞ, Britaniya və Fransa isə İranın bu addımını beynəlxalq qanunların kobud pozuntusu adlandırır.