Xristianların sayı azalır

Arxiv foto

Pew Araşdırma Mərkəzinin hesablamalarına görə, dünya əhalisinin 1/3 xristiandır.
Xristianlıq dünya üzrə dominant din sayılsa da, Avropada bu din davamçılarının sayı azalır. Dini və ictimai həyat məsələləri üzrə Pew Research tədqiqat mərkəzinin hesabatında belə deyilir.

Hesabatda qeyd olunur ki, hazırda dünyadakı xristianların sayı 2,18 milyard təşkil edir. Bu, dünya əhalisinin təxminən üçdə biri deməkdir. Bununla yanaşı, mərkəz ekspertləri bildirir ki, “hazırda heç bir region xristianlığın mərkəzi sayıla bilməz”. Çünki bu din davamçıları coğrafi baxımdan 200 dövlətdə yaşayırlar.

Mərkəz ekspertləri hesab edir ki, XX əsrin əvvəllərinə nisbətən indi Avropada xristianların sayı azalıb. Əgər həmin dövrdə Avropa əhalisinin 95 faizi xristian idisə, indi bu göstərici 76 faiz təşkil edir. Maraqlısı odur ki, bu din tədricən Afrikanın və Asiyanın Sakit okean regionlarından populyarlıq qazanmağa başlayıb.

Hesabata görə, xristianların təxminən yarısını katoliklər, 37 faizini protestantlar, 12 faizini isə pravoslavlar təşkil edir. Onların yarısı dünyanın əsasən 10 ölkəsində - ABŞ, Meksika, Rusiya, Braziliya, Almaniya, Filippin, Çin, Nigeriya, Konqo və Efiopiyada yaşayır.

Bir çox ekspertlər dünyada xristian dininin populyarlığının azaldığını qeyd edir. Buna səbəb olaraq bir neçə faktor göstərilir: digər dinlərin daha çox populyarlaşması, cəmiyyətdə ateist əhval-ruhiyyəsinin yüksəlməsi və s. Buna baxmayaraq, o da vurğulanır ki, hələlik dünyada yüksək dərəcədə dindar olan, dinlə əlaqədar adətlərə önəm verən ölkələr qalmaqdadır.