Avropa Birliyi İran neftinə embarqo qoydu

Avropa Birliyi İran neftinə embarqo qoydu

Avropa Birliyi mübahisəli nüvə proqramına görə İrandan neft idxalına embarqosunun tətbiqinə başlayır.

Birliyin Xarici İşlər nazirlərinin Brüsseldə yanvarın 23-də verdiyi qərara görə, embarqo bu gündən etibarən qüvvəyə minir və bütün yeni neft və neft məhsulları müqavilələrinə aid olacaq.
Ancaq qüvvədə olan müqavilələr üçün iyulun 1-nə qədər vaxt verilir.


Britaniya Xarici İŞlər naziri William Hague deyib ki, bu qərar İrana qarşı misli görülməyən sanksiyaların ancaq tərkib hissəsidir və Avropa Birliyinin bu məsələyə nə qədər önəm verdiyini göstərir.

Avropa Birliyi İran neftinin 1/5-nə qədəri alırdı.

Yanvarın 23-də Avropa Birliyi nazirləri İran Mərkəzi Bankına qarşı əlavə sanksiyaları da müzakirə edib.

Avropa Birliyi və ABŞ indi Asiya ölkələrini də İrandan neft məhsulları idxalına qadağa qoymağa çağırır. Bununla Qərb İranı mübahisəli nüvə proqramında güzəştə getməyə məcbur etmək istəyir.

BMT-nin Atom Enerjisi Agentliyinin son hesabatında İranın nüvə silahı əldə etməyə yaxın olduğu iddia olunsa da, Tehran proqramın dinc məqsədli olduğunu bildirir.

İran daha öncə neft embarqosu tətbiq olunacağı halda Hörmüz boğazını bağlamaqla hədələmişdi. Bu boğaz vasitəsi ilə təkcə İran yox, digər ərəb ölkələri də neft ixrac edirlər.
ABŞ isə Hörmüz boğazını açıq tutmaq üçün nə lazımdırsa edəcəklərini açıqlayıb.