Davos Forumunda Azərbaycan sərgisi açılır

Yanvarın 25-də İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumu işə başlayır.

“Böyük transformasiya: yeni modellərin formalaşması” devizi altında keçiriləcək Forumun əsas müzakirə mövzusu uzun müddət davam edən iqtisadi böhran şəraitində yeni iqtisadi modellərin axtarışıdır.

Tədbirdə 2600- çox qonaq, o cümlədən Azərbaycan prezidenti də daxil olmaqla 40 ölkənin dövlət və hökumət başçıları, 1600 biznes lider iştirak edəcək.

Forum çərçivəsində “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi təşkil olunacaq.
Sərginin təşkilatçısı Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.

Yanvarın 29-dək davam edəcək Forumda konkret olaraq 4 mövzu üzrə görüşlər olacaq : iqtisadi artım və məşğulluq modelləri, liderlik və innovasiya modelləri, sabitlik və ehtiyatlar modelləri, sosial və texnoloji modellər.

İqtisadi böhran şəraitində risklərin azaldılması və idarə olunması da ayrıca müzakirə ediləcək, “Qlobal risklər 2012” məruzəsinə ayrıca yer ayrılıb.