Oğrular niyə tapılmır?

Arxiv foto

«10 AYDIR CİNAYƏTİ ÖRT-BASDIR EDİRLƏR»
Saatlı rayon sakini Namiq Məmmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 10 ay əvvəl mağazasında baş vermiş oğurluq hadisəsinin üstü hələ də açılmayıb. Mağaza sahibi deyir ki, martın 3-dən 4-nə keçən ona məxsus telefon mağazasına nəfəslikdən girən oğru 7020 manat dəyərində telefon aparatı oğurlayıb. Səhər hadisədən xəbər tutan mağaza sahibi polisə məlumat verib. Saatlı rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər, əl izləri götürüb gediblər. Sonradan mağaza sahibi hadisə yerində qan izi aşkar edib, çəkic tapıb, bu barədə istintaqa xəbər verib. Ancaq deyir 10 aydır istintaqçılar hadisəni ört-basdır etməklə məşğuldular.
«OĞRUNUN ƏL İZLƏRİ ZƏDƏLƏNİB, QAN İZLƏRİ İTİB»
Sahibkar Namiq Məmmədov:
«Mən mağazada həmin vaxt işləmiş adamdan şübhələnirəm. Çünki «fortuçka» həmişə bağlı olurdu, həmin gün açıq saxlanmışdı. Hadisə yerindən tapdığım çəkicin keçmiş işçimə məxsus olduğu da şahidlər tərəfindən təsdiqlənib. Bundan başqa, mağazaya girən şəxs axtarış aparmadan, köhnə telefonlar olan şkafı açmadan, birbaşa yeni və bahalı telefonlar olan şkafı açmışdı. Onu da deyim ki, oğurlanmış həmin bahalı telefonları mən hadisədən bir neçə saat əvvəl topdansatışdan alıb gətirmişdim ki, satışa qoyum. Hadisə yerindən götürülmüş əl izləri ilə bağlı müstəntiq dedi ki, əl izləri götürülərkən zədələndiyi üçün yararsız hala düşüb. Qan izləri ilə bağlı maraqlananda dedi ki, qan 4-cü qrupa məxsusdur. Mən də təklif etdim ki, şübhələndiyim adamın da qan qrupu yoxlanılsın. Ancaq yoxlamadılar. İndi də deyirlər qan izlərini itirmişik. Ümumiyyətlə, istintaqçılar şübhələndiyim adamdan əl çəkməyimi istəyirlər. Hətta müstəntiq məni hədələyir ki, həmin adamdan əl çəkməsəm, üstümə vergi yoxlaması tökəcək. Mən bundan oğrunu tapmasını tələb edirəm, bu məni vergi ilə hədələyir».
Namiq Məmmədov cinayətin üstünün açılmamasının səbəbini belə əlaqələndirir:
«Saatlıda kim mühafizə xidməti ilə müqavilə bağlamırsa, onun mağazasını oğurladırlar. Mənə də dəfələrlə gəlib təklif ediblər ki, mühafizə xidməti ilə müqavilə bağlayım. Əvvəllər müqaviləm var idi, sonra xidmət haqqını qaldırdılar, mən də daha müqavilə bağlamadım».
CİNAYƏTƏ GÖRƏ MÜLKİ MÜBAHİSƏ AÇMAQ?
Başqa bir şikayətçi Seminarist Şərifov isə deyir ki, 3 il əvvəl ona məxsus avtobusu oğurlayıblar. Ehtiyat hissələrini sökəndən sonra qaytarıb yerinə atıblar. Ancaq cinayətin üstü hələ də açılmayıb. İndi də müstəntiq ona deyir ki. Bu, mülki işdir, get ver məhkəməyə.
Seminarist Şərifov:
«İşə əvvəl 40-cı polis bölməsində baxıb bağladılar. Mənim Binəqədi prokurorluğuna şikayətlərimdən sonra iş təzələndi, ancaq sonra yenə xitam verildi. Şikayətlərimdən sonra cinayət işi bir neçə dəfə 40-cı polis bölməsində, Binəqədi rayon polis İdarəsində və Bakı Şəhər Baş Polis İdarəsində bir neçə dəfə təzələnib və xitam verilib. Hətta oğrunu da tapıb təqdim etmişəm. O da sürücüdür. Ancaq müstəntiqlər üstünə düşmürdülər, araşdırmırdılar. əksinə, özümü hədələyirdilər ki, bu işdən çəkinim. Axırı da belə oldu ki, Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Şövqi Əhmədov işə yenə xitam verdi, dedi get mülki iş kimi ver məhkəməyə. Dedim axı, mən avtobusu o adama icarəyə verməmişəm, aramızda pul mübahisəsi olmayıb ki mən onu mülki iş kimi məhkəməyə verim. Avtobusun pəncərəsini sındırıb, avtobusu sürüb qaçırdıb, hissələrini qarət edib, 2 gündən sonra gətirib tullayıb dayanacağa. Bu, cinayətdir. Müstəntiq dedi, poqon yoldaşlarım əvvəldən bu işə xitam verə-verə gəliblərsə, mən də xitam verməliyəm, onları pis vəziyyətdə qoya bilmərəm».
DİN DEYİR Kİ...
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə şikayətçilərin polisə qarşı ittihamları ilə razılaşmır. Deyir ki, əksinə, son illər obyekt sahibləri özləri mühafizə xidmətləri ilə müqavilə bağlamaqda maraqlıdılar. Çünki belə halda onların obyektlərinin daha etibarlı qorunması təmin olunur. O, bildirir ki, hər iki şikayətçi müstəntiqlərin hərəkətindən narazıdılarsa, daha yuxarı instansiyaya müraciət etməlidir:
Orxan Mansurzadə:
«Seminarist Şərifov Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəhbərliyinə müraciət edə bilər. Namiq Məmmədov isə Saatlı rayon polis şöbəsinin rəhbərliyinə və Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinə müraciət edə bilər. Hər iki vətəndaş şikayətlərini Daxili İşlər Nazirliyinin rəhbərliyinə qədər davam edə bilərlər».