Qonşu qonşu olsa...

Foto: Arxiv

47 il müəllimə işləmiş 74 yaşlı Leyla Hüseynova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, üst mərtəbədə yaşayan və öz evini abadlığa çıxardan qonşusu onun evini bərbad günə salıb. «8-ci mikrorayon» sakini olan Leyla Hüseynova deyir ki, indi təmirli evində yaşayan qonşusu onun şəraitsiz hala saldığı evini düzəltmək istəmir. Tənha təqaüdçü qalıb Mənzil İstismar Sahəsi ilə qonşunun qapısında. Mənzil İstismar Sahəsindən deyirlər, get, evini kim bərbad vəziyyətə salıb, o da düzəltsin. Qonşu da deyir, tənhasan, təqaüdçüsən, hökumət var, get evini hökumətə düzəltdir.

Leyla Hüseynova: «Öz evini təmir edəndə, mənim evimə su axıtdı, çilçıraq partladı, xalça-palaz suyun içində qaldı, evim pis vəziyyətə düşdü. Qonşu gəldi, baxdı, söz verdi ki, öz evimin təmiri bitsin, sənin də evini düzəldəcəm. Öz evinin təmiri bitəndən sonra mənim evimi düzəltməkdən boyun qaçırdı. Dedi, hara şikayət edirsən et, düzəltmirəm. İndi hamam lap bərbad gündədir, şaxtanın qapısı tökülüb, tavan pis gündədir. Düzdür, indi su axıtmır, çünki artıq təmirini bitirib. Gedib evinə baxmışam, elə yaxşı təmir edib ki. Ancaq mənim evimi pis günə qoyub».

Leyla Hüseynova deyir ki, ərazi üzrə Binəqədi rayonu, 1 saylı Mənzil İstismar Sahəsinə (MİS) dəfələrlə ərizə ilə müraciət edib. Hər dəfə MİS-dən gəlib qonşuya xəbərdarlıq edirlər. Ancaq nəticəsi də bu olur ki, hər dəfə qonşu evi düzəltmək əvəzinə onunla savaşır:

«ƏSƏBİLƏŞİRƏM, ÜRƏYİM TUTUR, HƏKİM GƏLİR»

Binəqədi rayonu 1 saylı MİS-dən AzadlıqRadiosunun «Qaynar xətt»inə bildirdilər ki, adıçəkilən ünvandakı vəziyyətdən xəbərdardırlar. Leyla Hüseynovanın mənzilini əvvəlki vəziyyətə gətirmək üçün dəfələrlə qonşusuna xəbərdarlıq olunub. Ən son xəbərdarlıq isə 3 gün əvvəl olunub. Qonşu da söz verib ki, yaxın günlərdə Leyla Hüseynovanın mənzilinə vurduğu zərəri aradan qaldıracaq. Bundan başqa, MİS işçiləri də Leyla Hüseynovanın evinə gedib bəzi kommunal problemləri aradan qaldıracaqlar.

İndi Leyla Hüseynova həm qonşusundan, həm də 1 saylı Mənzil İstismar Sahəsinin işçilərindən hərəkət gözləyir.