Dərbənd məktəblərində hicab qadağası yoxdur...

4 saylı Dərbənd şəhər orta məktəbi

- Salam, uşaqlar!

- Salam!

- Dərslər necə gedir?

- Yaxşı!

Bu, Məzahir Rzayev adına 4 saylı Dərbənd şəhər orta məktəbin 6-cı sinif şagirdləri ilə qısa tanışlıq idi.

Məktəbə dərs vaxtı getmişdik. Daxil olduğumuz siniflərin hamısında uşaqlar bizi Azərbaycan dilində qarşıladılar.

4 saylı məktəb Dərbənd şəhərinin qala divarlarından içəri hissəsində yerləşir. Şagirdlərin 90 faizi azərbaycanlılardır.

Onların Azərbaycan dilində necə danışdıqlarını bir az da yaxından bilmək üçün şagirdlərdən biri ilə söhbət etmək qərarına gəlirik. Dərs vaxt olduğundan müəllimdən bir nəfəri qışa müddətə dərsdən ayırmağı xahiş edirik. Azərbaycan dilində daha yaxşı danışanın qısa axtarışından sonra bu iş 6 sinif şagirdi Hacıbaba Hacıyevə həvalə edilir. Onunla dəhlizdə söhbətləşirik:

- Neçə yaşınız var?

- 11.

- Dərslər necə gedir?

- Yaxşı.

- Hansı dərsi daha çox xoşlayırsan?

- «Literatura»nı, «Matematika»nı, «Russki»ni.

- Azərbaycanın ədəbiyyat adamlarından kimləri tanıyırsan?

- Nizami Gəncəvi, Abbas Səhhət, Qasım bəy Zakir...

- Dərslərinizi yaxşı oxuyursan?

- Oxuyuram.

- Böyüyəndə nəçi olmaq istəyirsən?

- Milisioner.

- Dərbəndin harasında yaşayırsan?

- Dərbəndin Mağal küçəsində.

- Evdə neçə uşaqsınız?

Hacıbaba Hacıyevlə söhbət

- Dörd.

- Hamınız Azərbaycanca yaxşı bilirsiniz?

- Bəli.

- Valideynləriniz nə işlə məşğuldurlar?

- Anam doktordur, həkim. Atam evdə oturur...

Məzahir Rzayev adına 4 saylı orta məktəb Dərbəndin ilk məktəblərindən biridir. Bu yaxınlarda 85 yaşını qeyd etməyə hazırlaşırlar. Məktəbin binası böyükdür. İdman zalı və sair var. Dəhlizlərdə asılmış Azərbaycan ədiblərinin portretləri, rəsmlər yetərincədir. Dərbəndin mərkəzi parklarından birində abidəsi qoyulmuş Sovet İttifaqı qəhrəmanı Şəmsulla Əliyev də bu məktəbin yetirməsidir.

Məktəbin direktoru 58 yaşlı Ağalar Sadıxov pedaqoji fəaliyyətə 1974-cü ildə elə buradaca başlayıb. İxtisasca alman dili müəllimidir. Köklü dərbəndlilərdən olması ilə fəxr edir. Babalarının məzarı qala divarlarının yaxınlığındakı qəbiristanlıqdadır. Atası Həmidbəy Əhmədbəy oğlu Sadıxov Dərbəndin əsilzadələrindən olub.

Direktor deyir ki, məktəb yeni yaradılanda, burada 1300 şagird dərs alırmış. Amma sonradan ailələrdə artımın azalması və sakinlərin yaşayış yerlərini dəyişməsi səbəbindənmi bu rəqəm 800-ə enib. Amma bu vəziyyət təkcə Azərbaycan məktəblərində deyil:

«MƏN VALİDEYNLƏRİ İNANDIRA BİLDİM Kİ...»

«Hələ ana dili dərs planında öyrədilmədiyi vaxtlar mən valideynləri yığıb dedim ki, başqalarının öyrənib-öyrənməməsindən asılı olmayaraq, biz öz doğma dilimizi bilməliyik. Dili bilmədiyimiz üçün Azərbaycana gedəndə də bizi başqa millətlərlə qarışıq salırlar. Düzdür, valideynlərin çoxu bunun əleyhinə idilər. Deyirdilər biz SSRİ-də yaşayırıq.

Məktəbin direktoru 58 yaşlı Ağalar Sadıxov

İstəyirik uşaqlarımız rus dilini bilsinlər. Amma mən onları inandıra bildim ki, bu, lazımdır. Bir neçə aydan sonra valideynlər kabinetimə gəlib mənə minnətdarlıq etdilər. Deyirdilər, uşaqlarımız evdə Azərbaycan dilində şer söyləyir, qəzet oxuyurlar. Bilmədiyimiz sözləri onlardan soruşuruq. Sonralar ölkədə vəziyyət dəyişib rus dili ilə yanaşı, digər dillər də tədris edilməyə başlayanda, artıq azərbaycanlılar bu məsələdə başqa millətlərdən xeyli irəli getmiş oldu».

Məktəbdə hər sinifdə azı 22 azərbaycanlı, bir neçə digər millətlərin uşaqları dərs alır. Qaydaya görə, sinifdə bir millətdən 5 nəfərdən artıq şagird olarsa, onlara ana dilində öyrənməyə icazə verilir. Tabasaranlıların sayı bu tələbə cavab verdiyi üçün məktəbdə onların da dili tədris edilir.

Burada müəllimlərin əksəriyyəti əslən Dərbənddən olan azərbaycanlılardır. Direktor Ağalar Sadıxov deyir ki, bu məktəb təzə açılanda, müəllim qıtlığı yaşanıbmış. Hətta Azərbaycandan və Türkiyədən müəllimlər gəlib bu məktəbdə dərs deyiblər. Sonradan bu məktəbin yetişdirdiyi şagirdlər hesabına bu problem yoluna qoyulub. Direktor deyir ki, əvvəl müəllimləri xüsusi kurslarda özləri hazırlayıblar. Sonra bir qismi Azərbaycanda ali təhsil alıb gələrək kimya, biologiya, tarix və digər fənlərdən dərs deməyə başlayıblar. Direktorun deməsinə görə, ilk əvvəllər məktəbdə bütün dərslər Azərbaycan dilində keçirilirmiş. Sonra məktəb yenidən qurulub və dərslər rus dilində tədris olunmağa başlayıb:

«DƏRSLİKLƏRİ BİZƏ AZƏRBAYCAN VERİR»

«Neçə illər idi Dərbənddə Azərbaycan dilində dərslər həftədə 2 saat keçilirdi. Bu ildən doğma dillər həftədə 3 saat tədris edilir. Məsələ burasındadır ki, biz fənlər üzrə dərslikləri heç də həmişə əldə edə bilmirik. Ona gərə də, dərslikləri bizə Azərbaycan verir».

Hicablı qız

Bəzi siniflərdə qızların bir necəsinin hicablı olduqlarını gördük. Direktor deyir ki, o, Azərbaycan məktəblərində hicaba icazə verilmədiyini bilir. Amma Dərbənddə belə bir qadağa yoxdur. Direktorun fikrincə, bu, tədrisə mane olmur. O, deyir ki, axundun qızı 9-cu sinifdə oxuyur. Həmin qızdan isə məktəbə hicabsız gəlməyi tələb etməyi düzgün saymırlar.

Məktəbdə Azərbaycan dili sinfi yaxşı təmir edilib. Yazı taxtasından bir az yuxarıda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin böyük portreti asılıb. Amma rəflərdə Azərbaycan dilli kitablar demək olar ki, yoxdur. Partalarsa xeyli köhnədir. Direktor deyir ki, sinfi məktəbin məzunları öz hesablarına təmir ediblər. Vəsait üçün təhsil idarəsinə müraciət etsələr də, ordan müsbət cavab ala bilməyiblər:

«EUROVISION» SEVİNCİ...

- Sağ olun uşaqlar!

- Sağ olun!

Beləcə, şagirdlərlə görüşüb məktəbi tərk edirik. Qapıya qədər bizi ötürən direktor Ağalar Sadıxov deyir ki, Azərbaycanın sevincini də, kədərini də özlərininki hesab edirlər. Azərbaycanın inkişafı onları fərəhləndirir. «Eurovision»un bu il Bakıda keçiriləcəyinə çox sevinirlər...