9 rayonda məcburi köçkünlər üçün evlər tikilir

Əli Həsənov

«Bu il ölkə prezidentinin tapşırığı ilə məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait 2 dəfə artırılıb».

Bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu il Azərbaycanın 9 rayonunda məcburi köçkünlər üçün tikinti aparılacaq. Nəticədə ilin sonuna qədər 3610 mənzildən ibarət olacaq qəsəbələrdə 17 minə qədər məcburi köçkün yerləşdiriləcək.

«Şəkidə artıq 423 evdən ibarət qəsəbənin tikintisinə başlanılıb. Mingəçevirdə 502 mənzildən ibarət doqquzmərtəbəli 10 binanın tikintisi davam edir. İsmayıllıda 45 mənzildən ibarət kiçik qəsəbə Belarus inşaatçılar tərəfindən tikilir», - Ə.Həsənov qeyd edib.

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində beşmərtəbəli binaların tikintisinə də bu il başlanacaq. Xocavənd köçkünləri üçün 320 fərdi evdən ibarət qəsəbə Beyləqan rayonu ərazisində salınacaq.

İmişlidə 350 evdən ibarət qəsəbə, Qəbələdə isə 155 evdən ibarət 2 beşmərtəbəli bina tikiləcək. /Trend/