“İşə götürüləndə axırıncı, qovulanda birinci”

Əfqanıstanda işsiz gənclər

BMT Gənclər Hesabatını yayıb.
Hesabat bir qədər fərqli qaydada hazırlanıb.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti bir ay ərzində müxtəlif ölkələrdə yaşayan 15 yaşdan 30 yaşa kimi gəncləri internetlə online diskussiyalara dəvət edib və onların iş, məşğulluq barədə fikirlərini öyrənib.

Hesabat gənclərin baxışları əsasında hazırlanıb.

Dünyada gənclərin ən böyük problemi nədir?
Hesabata görə, bu problem məşğulluqdur.

Iş imkanlarının yoxluğu, lazımi səviyyədə təhsilin olmaması, təhsilə hökumət investisiyalarının çatışmazlığı - bütün dünyada gənclərin əsas narahatlıq mənbələridir.

TƏHSİL ADEKVAT DEYİL

Narazılıqlar arasında birinci yerdə isə təhsilin adekvat olmamasıdır. Gənclərin fikrincə, təhsil sistemi işçi yetişdirməyə ünvanlanmayıb. Bu sistem elə təhsil vermir ki, bundan sonra gənc asanlıqla özünə uyğun iş tapa bilsin.

Gənclərin fikrincə, təhsil sistemi daha çox nəzəri biliklər verir. Prakitiki vərdişləri isə daha çox tələbənin öz öhdəsinə buraxır.

Seneqaldan olan 24 yaşlı tələbə deyir ki, “bu gün iş tapmaq daha asan olmalıdır, çünki tələbə daha təhsillidir. Ancaq belə deyil, çünki təhsil əmək bazarının tələblərinə uyğun deyil.”

Gənclərin fikrincə, onların qabiliyyətlərini göstərməyə imkanları geniş deyil, bunda isə hökumətləri günahlandırırlar ki, hökumətlər gənclərə kifayət qədər kömək göstərmirlər.

2008-Cİ İL BÖHRANI

2008-ci ilin iqtisadi böhranından sonra gənclərə iş tapmaq çətinləşib.
2009-cu ildə dünyada 75,8 milyon gənc işsiz idi.
Bu, statistika aparılandan bəri dünyada gənclər arasında qeydə alınan ən böyük işsizlikdir.

Gənclər arasında işsizlik isə yaşlılar arasında işsizlikdən qat-qat böyük problemdir.
2010-cu ildə dünyada gənclərin 12,6 faizi işsiz idi.
Müqayisə üçün, yaşlılar arasında işsizlik cəmi 4,8 faiz idi.

BMT hesabatını təqdim edən baş katib Ban Ki-moon deyib ki, “gənclər siyasi və iqtisadi həyatda daha çox hüquq və səs tələb edirlər. Daha çox iş yeri və rifah üçün yeni sosial müqaviləyə ehtiyac var. Gəlin, bunu gənclərdən başlayaq”.

Hesabata görə, iş tapandan sonra gənclər qeyri-sabit iş şəraiti ilə üzləşirlər. “Gənclər işə götürüləndə axırıncıdırlar, işdən qovulanda birincidirlər”.

Gənclər arasında qızların vəziyyəti oğlanların vəziyyətindən pisdir. Qızlara daha aşağı maaş verirlər.

BAŞQASINA İŞLƏMƏKDƏNSƏ, ÖZ İŞİN OLSUN

Gənclər çətinliyə baxmayaraq ümidlərini üzmürlər və optimistdrlər.

Hesabat bir maraqlı tendensiyanı da üzə çıxarıb.
Gənclər onlara yeni imkanların yaradılmasını gözləmədən özləri-özlərinə imkan yaratmağı daha çox düşünürlər, yəni böyük şirkətlərdə işləməkdən çox, öz bizneslərini yaratmağa daha çox əhəmiyyət verməyə başlayıblar.

Başqa təmayül odur ki, gənclər təkcə iş tapmağı düşünmürlər, onlar sosial həyatda əhəmiyyətli olmaq istəyirlər.

Hesabat 1100 gənclə internetlə söhbət əsasında hazırlanıb.

Bəs internetə çıxışı olmayanlar?

BMT növbəti hesabtında internetə çıxışı olmayan gəncləri də əhatə etməyi düşünür.