"Yeni Müsavat" qəzeti işıqsız qalıb

Fevralın 9-u saat 12 radələrindən “Yeni Müsavat” qəzetinin redaksiyası yenidən işıqsız qalıb. Ötən gün də redaksiyada 7-8 saat elektrik enerjisi olmayıb.
Qəzetdən Azadlıqradiosuna verilən məlumata görə, redaksiyanın kompüterləri generator enerjisi ilə işləyir və qəzetin növbəti sayı hazırlamağa çalışırlar.
Fevralın 8-də problemin Şimal DRES-ində baş verən qəza ilə bağlı olduğu bildirilmişdi.
“Musavat.com” saytı xəbər verir ki, qəzət dəfələrlə "Bakıelektrikşəbəkə"yə müraciət etsə də, elektrik enerjisinin hansı səbəbdən kəsildiyi barədə məlumat ala bilməyib.
"Yeni Müsavat"ın redaksiyası Bakının Nizami rayonunda, yeni tikilən binada yerləşir.
Elektrik enerjisindəki problemlərlə bağlı fevralın 9-da bir neçə qəzet çap olunmayıb.