Neft platformalarına «buz» təhlükəsi, 10 dərəcə şaxtada «analoqsuz inkişaf»…

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti Azərbaycanın Xəzərdəki neft platformalarının təhlükədə olduğunu yazır. AEMA-nın Coğrafiya İnstitutu hakimiyyətə xəbərdarlıq edib ki, müvafiq qurumlar buz sallarını bombalamağa hazır vəziyyətə gətirilməlidir.

«Ekspress» qəzeti Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin mühafizəsini öz üzərinə götürdüyünü bildirir. Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsini və orada çalışan işçi heyətinin təhlükəsizliyini təmin etməyə dair sərəncam verib.

«Azadlıq» qəzeti soyuq havaların kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etdiyini bildirir. Qar göy-göyərtinin də qiymətini artırıb. Buna səbəb magistral yolların buz bağlamasıdır.

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə, Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı işlərə başlanıb. Vergilər Nazirliyinin 2012-ci il üçün əsas prioritetləri büdcə gəlirlərinin artırılması və nağdsız ödənişlərin genişləndirilməsidir.

«Bizim yol» qəzeti yazır ki, yüz minlərlə insan işıqsız qalıb. Analoqsuz inkişaf 10 dərəcə şaxtaya dözmədi. Bakının Xətai və Binəqədi rayonlarında əhali soyuqdan donur.