«İtlər Romney'ə qarşı»

New Yorkda "İtlər Romney-ə qarşı" aksiyası. 14 fevral, 2012

Sizcə, indi Amerikadakı prezident seçkiləri ərəfəsində ən çox danışılan mövzu nədir?

Böhranla üzləşən Amerika iqtisadiyyatı, İranın nüvə proqramı?

İndi bunlar qalıb kölgədə, əsas mövzu o olub ki, respublikaçıların namizədliyə namizədliyi uğrunda yarışın önündə gedən Mitt Romney öz itiylə necə davranıb.

Romney keçmiş Massachusetts qubernatorudur. O, qarşıdakı prezident seçkilərində hazırkı dövlət başçısı Barak Obamanın rəqibi olmaq və onu məğlub etmək iddiasındadır.

Romney aylardır ki, özü haqqında təcrübəli biznes lideri obrazı formalaşdırmağa çalışır.

Amma 30 il qabaq etdiyi bir hərəkət onu qarabaqara izləyir.

İndi seçkilər ərəfəsində həmin məsələ yenidən gündəmə gəlib

1983-cü ildə Romney öz ailəsi ilə birlikdə maşınla Bostondan Kanadaya gedərkən Seamus itini maşının banında qəfəsdə aparıb.

İt 12 saatlıq yol boyu təbii ehtiyacını ödəmək imkanından məhrum olub və nəhayət qəfəsini batırıb. Romney-nin uşaqları maşının pəncərəsi ilə süzülən qəhvəyi maye görüblər.

Romney soyuqqanlıqla maşını yanacaqdoldurma stansiyasında saxlayıb, iti qəfəsdən çıxarıb, su şlanqı ilə yuyub və yenidən qəfəsə yerləşdirib.

Bundan sonra ailə yoluna davam edib.

Heyvan hüquqlarının çox ciddi qorunduğu Amerikada bu bir çoxlarında neqativ münasibət doğurub.

1983-cü ildəki insident haqda Amerika ictimaiyəti 2007-ci ildə xəbər tutub

O zaman da Romney prezidentlik yarışına qoşulmuşdu və "The Boston Globe" qəzeti it məsələsi haqda xəbəri yayanda Romney buna bütün ölkəyə yayımlanan telekanaldakı müsahibəsində aydınlıq gətirməyə çalışmışdı.

Romney demişdi ki, bu, adi qəfəs olmayıb, hermetik olduğu üçün itə soyuq dəyə bilməzdi. Romney demişdi ki, maşında beş uşaq olduğu üçün, onun fikrincə, iti salona götürmək heyvançün daha rahatsız olardı, nəinki bandakı qəfəsdə getmək.


Mitt Romney tərəfdarlarına müraciət edir, Florida, 31 yanvar 2012

Bəziləri bu məsələni hətta "Crate-Gate" adlandırır. Create – yeşik deməkdir.

O ki qaldı “gate” məsələsinə, bu, vaxtilə Amerika prezidenti Niksonu istefaya məcbur edən Watergate qalmaqalına işarədir.

Respublikaçı rəqibləri isə Romney-nin heyvanlara qarşı bu cür davranışla ölkə prezidentliyi uğrunda yarışa qoşulmasını düzgün saymırlar. Onların fikrincə, Romney respublikaçıların namizədi seçilərsə, Obama ilə rəqabətdə zəif namizəd olacaq.

Digər respublikaçı namizəd Newt Gingrich isə deyib ki, belə bir işi o tutsaydı, Obama ilə yarışa çıxmazdı.

İt söhbətinin ortaya atıldığı bir vaxtda prezident Obamanın siyasi strateqi David Axelrod Twitterr-də Obamanın öz iti ilə birlikdə prezident limuzinindəki şəklini yayıb.

Şəkli bu sözlər müşayiət edir: Öz heyvanlarını sevən sahiblər onları bir yerdən başqa yerə necə aparırlar...

Facebook şəbəkəsində isə “İtlər Romney-ə qarşı” adlı kampaniya başlanıb,

artıq sosial şəbəkədə kampaniyaya 25 min adam qoşulub.

Kampaniyanın təşəbbüskarı Scott Crider deyir ki, onlar itlərin yük olmadığını düşünənlərdir.

Bundan başqa Romney-nin seçki kampaniyasının maşınlarını aylardır ki, bir qrup etirazçının avtomobilləri də izləyir.

Onlar da öz avtomobillərinin banına qəfəs yerləşdiriblər və içini it oyuncaqları ilə doldurublar.

Populyar televiziya şousunun aparıcısı David Letterman da it söhbətinə toxunub.

- Mənim siyasətdən başım çıxmır, amma adam istəyər ki, prezident seçilən şəxsin düzgün qərarlar vermək qabiliyyəti olsun. İti maşının banına qoyub Torontoya sürmək düzgün qərar deyil. Vəssalam. Bu mənə bəsdi.

Romney hələ ki məsələyə təkrar münasibət bildirməyib, bəlkə də ümid edir ki, bu dəfə söhbət özü-özünə ötüşüb keçəcək.