Salman Rushdie də yeni texnologiyaya təslim oldu

“Booktrack” şirkəti Britaniya yazıçısı Salman Rüşdiyə hekayəsinin musiqili audio versiyasını yaratmağı təklif edəndə o, əvvəlcə tərəddüd etmişdi.

“Mən əmin olmalıyam ki, bu, yaxşı şeydi” – deyə o, şirkətə cavab vermişdi.

“Çünki mən özüm kitab oxuyanda musiqinin də səslənməsini xoşlamıram”.

Sonra isə Rüşdi “Cənubda” adlanan hekayəsinin rəqəmsal versiyasının yaradılmasına “hə” deyir.

2009-cu ildə “New Yorker” jurnalında çap edilən həmin hekayə Hindistanın cənubunda yaşayan iki qoca kişinin dostluğu və rəqabətindən bəhs edir. (Hekayəni ingiliscə oxu)

Hekayənin fonunda John Psathas-ın bəstələdiyi mahnını Yeni Zellandiya Simfonik Orkestri ifa edir.

Hind motivli musiqinin tempi əsərin dramatik məqamlarında daha da sürətlənir.

Bundan başqa audio versiyada musiqi ilə yanaşı maşın, gülüş, dalğa, qışqırıq və s. təbii səslər də istifadə edilir.

Rüşdi deyib ki, orkestrin işindən çox razı qalıb.

Xüsusən də 14 yaşlı oğlunun hekayəyə qulaq asıb “super” deməsi ona ləzzət edib.

“Booktrack” məşhur yazarların əsərlərinin musiqili audio versiyasının yaradılması layihəsinə ötən ilin avqustunda start verib.

Artıq “Şerlok Holmsun macəraları”, “Peter Pan” “Rikki-Tikki-Tavi” və başqa əsərlərin rəqəmsal versiyaları hazırlanıb.

Bunları app-lər vasitəsilə yükləmək mümkündür.

Müştərilər məsələn, “Şerlok Holmsun macəraları”nı indiyəcən Apple iTunes App Store vasitəsilə 100 min dəfədən çox yükləyiblər.

Rüşdinin hekayəsinin musiqili audio versiyası əvvəl 99 sentə, daha sonra isə 1,99 sentə satılacaq.

Booktrack şirkəti daha bir yenilik üzərində işləyir. Bu, oxuculara audio kitabları istədikləri musiqinin müşayiətilə oxumaq imkanı verəcək.

"The Wall Street Journal"a istinadla OxuZalı