Yük maşını aşıb, 7 hərbçi xəsarət alıb

Foto: Arxiv

Azərbaycanda hərbçiləri daşıyan yük maşını qəzaya uğrayıb.

Hadisə fevralın 24-də Tərtər rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə məxsus «Zil» markalı yük maşını dağlıq ərazidə yoldan çıxaraq aşıb. Nəticədə 7 hərbi qulluqçu xəsarət alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya açıqlamasında faktı təsdiqləyib.

Hadisə baş verən kimi əraziyə Bakıdan cərrahlar ezam edilib. Fevralın 25-də isə xəsarət alan əsgərlər sanitar helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətiriliblər.

Əsgərlərin ikisinin vəziyyəti ağır olsa da, artıq onların durumu stabilləşib. Əsgərlərdən heç birinin həyatı üçün təhlükə yoxdur.