Ermənistanda təbiəti mühafizə edənlərin mübarizəsi güclənir

Ermənistan. Yerevanın mərkəzi küçələrinin birində kəsilən yaşlı ağaclardan biri

2011-ci ilin əvvəlində Ermənistanın Sotk Qeqarkuniksk rayonunda ikibaşlı buzov doğulmuşdu, cəmi 15 gün yaşadı. Bu hadisə təbiəti mühafizə edənlərin daha da fəallaşmasına təkan verdi. Buna kimi də yaşıllar hərəkatının tərəfdarları dinc oturmurdular, amma ötən il onların təbiəti mühafizə uğrunda daha fəal mübarizəsi ilə yadda qaldı. Mübarizənin ilk meydanına Sotk çevrildi. Burada Ermənistanın qızıl mədəni yerləşir. Ötən ilin fevralında xammalın xırdalanması üçün cihazların qurulmasına başlananda təbiət mühafizəkarları ciddi mübarizəyə start verdilər. Ermənistan parlamentinin səhiyyə məsələləri üzrə komissiyasının keçmiş rəhbəri Qaqik Tadevosyan və Yaşıllar İttifaqının rəhbəri Akop Sanasaryan:

«Ermənistan ancaq xammal təchiz edən ölkəyə çevrilir. Bəs nano texnologiya, elmi araşdırmalarla bağlı verilən vədlər harda qaldı? Onların öz hesablamalarına görə, əgər il ərzində 1 milyon ton xammal əldə olunsa, bu cəmi 10-12 il çəkəcək, sonra əlvida Ermənistan».

Ötən yay Ermənistanın yeraltı sərvətləri ilə bağlı yeni qanun qəbul olundu.

Təbiəti mühafizə edən fəallara görə, bu qanunda çox təhlükəli məqamlar var. Onlar parlamentdən tələb etdilər ki, sözügedən qanunu dəyişsinlər və tamamilə yeni, ətraf mühitə təsirlə bağlı qanun qəbul etsinlər:

«Nəyə görə tələm-tələsik bu qanunu qəbul etmək istəyirlər? Aydındır ki, burada hər şey oliqarxlar üçündür, adi vətəndaşların haqları nəzərə alınmır».

«CİNAYƏTKAR» QƏRARLAR


Qrazdan şəhərində dəmir mədənlərinin eksluatasiyası ilə bağlı da fəallar mübarizə aparırlar, iddia edirlər ki, şəhərdən 15 kilometr aralıda yerləşən mədənlər nəinki şəhərə, həm də yaxınlıqdakı kəndlərin münbit torpaqlarına ziyan vurur.

Dəmir, qızıl, mis mədənlərinin eksluatasiyasına, o cümlədən hidroelektrik stansiyasının tikintisinə bir neçə il əvvəl icazə verilib. Təbiəti mühafizə edənlər hökumətin bu yaxınlarda qəbul etdiyi bir qərarı da «cinayətkarlıq» adlandırırlar. Söhbət mis-molibden kombinatına verilən kəndə məxsus 182 hektar ərazidən gedir. Kaçaran kəndindən olan sakinlər və təbiəti mühafizə fəalları artıq aylardır ki, hökumətin bu qərarını ləğv etmək uğrunda mübarizə aparırlar.

FƏALLARIN YENİ MÜBARİZƏSİ


Sotk qızıl mədəni

Yeri gəlmişkən, Kaçaran uğrunda mübarizə bu gün də davam edir. Fəallardan biri Asmik Evoyan deyir ki, pozuntulara qarşı və təbiətin qorunması uğrunda mübarizə o insanların beynində doğur ki, onlar öz vətənini və sağlamlıqlarını istismara qurban vermək istəmir:

«Hər kəs düşünməlidir ki, dəyişikliklər mümkündür və biz öz ölkəmizin sahibiyik, biz birlikdə ölkəmizdə dəyişikliklərə nail ola bilərik. İndi isə bizim Tequt ərazisində böyük problemimiz var. Bu yaxınlarda biz Kaçaranda olduq. Orada baş verənlərə baxmaq ağrılı idi. Dağıntılara və Ermənistanın şimalının zəhərlənməsinə yol verməmək bizim üçün bir nömrəli məsələdir. Bizim həm də Razdan çayında, Sotk kəndində, habelə Cermuk şəhərində ətraf mühitin mühafizəsi ilə bağlı problemlərimiz var».

Bu yaxınlarda isə təbiət müdafiəçiləri Ermənistanın paytaxtında yeni mübarizəyə başlayıblar. Məlum olub ki, Yerevanın mərkəzi küçələrindən birində yerləşək kiosklar şəhərin mərkəzindəki Maştoça parkına köçürüləcək. Artıq bir neçə həftədir ki, təbiəti müdafiə edən fəallar tikintiyə qarşı çıxırlar və kioskların parkdan yığışdırılmasını tələb edirlər. Onlara siravi vətəndaşlar və məşhur insanlar da qoşulub. Fəallardan biri Marian Suxudyan deyir ki:

«Biz hər gün bu parka gələcəyik, artıq növbətçilik cədvəlimiz də var, hər şeyi nəzarətdə saxlayacayıq, necə ki, iki həftədir ki, bunu edirik. Cəmi bir neçə dəfə gecəni burada qalmamışıq, bizə deyiblər ki, gecə saatlarında tikinti olmayacaq, amma sözlərinin üstündə durmayıblar. Artıq heç kimə inamımız qalmayıb, parkı bir saniyə belə tərk etməyəcəyik».

MÜBARİZƏ DALĞASI GÜCLƏNİR

Amma Ermənistan təbiətinin mühafizəsində duranların ən böyük uğurunu Trçkans şəlaləsi ərazisində hidroelektrik stansiyasının tikintisini dayandırmaları hesab oluna bilər. Aylarla davam edən etirazlar onunla nəticələndi ki, həmin ərazidə tikinti dayandırıldı və şəlalə xüsusi mühafizə olunan ərazi statusu aldı. Fəallardan biri Mariam Suxudyan deyir ki, onun üçün təbiəti mühafizə edənlərin onları dəstəkləməsi çox böyük önəm daşıyır:

«Bu vaxta kimi özümü tənha hiss edirdim, indi isə biz böyük bir ailəyik və getdikcə artırıq, bu mənim üçün çox mühümdür. Əgər sən məqsədinə nail olmaq üçün isti evini tərk etməyə və sona kimi mübarizə aparmağa hazırsansa nəticəsi mütləq olacaq».

Bu illə bağlı təbiəti mühafizə fəalları optimistdirlər. Deyirlər ki, mübarizə dalğası artıq qalxıb və getdikcə güclənir, daha təsirli olur.