ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb

Martın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, həmsədrlər münaqişə tərəflərinə yanvarın 23-də Soçidə prezidentlər Medvedev, Əliyev və Sarkisyanın verdiyi birgə bəyanatın həyata keçirilməsi ilə bağlı plan təqdim ediblər. Prezidentlərin baza prinsipləri üzrə razılaşmanın əldə olunmasını tezləşdirməyə hazır olduğuna əsaslanaraq, həmsədrlər tərəflərə hərtərəfli sülh sazişi üzərində işin davam etdirilməsi ilə bağlı təkliflərini veriblər.

Həmsədrlər həmçinin Soçi bəyanatındakı öhdəliklərin yerinə yetirilməsini, cəbhə boyunca insidentlərin araşdırılması mexanizmi üzərində işin davam etdirilməsini müzakirə ediblər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT Daimi Şurasını münaqişənin həlli istiqamətində atılan addımlarla bağlı məlumatlandırmaq üçün martın 22-də Vyanaya səfər edəcəklər.

Münaqişə vasitəçiləri martın 2-dən 6-dək Yerevan, Dağlıq Qarabağ və Bakıda səfərdə olublar.