Babək Göyüş yeni roman yazıb:“5-ci Günəş”

...Ceylə kafenin giriş qapısının ağzında üz-üzə gəldik. Düşündüm ki, yəqin içəridən gəldiyimi görüb bayıra çıxıb.

Yapon adət-ənənəsiylə öncə əyilib bir-birimizi salamladıq. Sonra türksayağı görüşdük. Kafenin baş tərəfində bizim üçün açılmış masanın arxasında oturduqdan sonra rahatlanıb simvolik olaraq hal-əhvalını soruşdum.

O da İstanbulda bir yeniliyin olub-olmadığını sordu. Hətta, Kəmərdəki bağ evimə göz-qulaq olan atamın bibisi nəvəsi Behceti də xəbər aldı.

Yapon mətbəxini Ceylə İstanbulun Boğaziçi körpüsünün yanında, Ortaköydə Zuma yapon restoranında dəfələrlə daddığıma görə bilirəm ki, yaponlar öncə nahara qohan, mərci, sonra da qurudulmuş balıq verir.

İndisə xahişimlə masaya mənim üçün bir bakal yapon pivəsi və bir bardaq sake də gətirdilər. Nahar proseduramız heç də uzun sürmədi. Yeməkdən sonra İstanbuldan gətirdiyim suvenirləri Ceyə hədiyyə etdim.

O da eynən üstündə “iPAD 3” yazılmış bir əl çantasını mənə uzatdı. Bayıra çıxanda Cey kiminləsə yapon dilində telefonla danışdıqdan sonra Saqami körfəzini göstərib ingiliscə:

- Körfəzdən o yanda yerləşən Boso yarımadası artıq neçənci dəfədir ki, bizi ölümdən xilas edir. Sunamini öz üzərinə görürüb bu tərəflərə buraxmır. Yoxsa indi buralar da televizorda gördüyünüz yerlər kimi su altında qalardı. – dedi. Mən də çalışdığım qədər ona elə ingilis dilində cavab verməyə çalışdım:

- Onsuz da dağılan şəhər və qəsəbələr yenidən qurulub.

- Səni gətirən sürücünü Tokioya yola saldım. – deyə Cey mövzunu dəyişdi. Bunu əvvəlcədən də bilirdim. Adətən yaponlar öz dərdlərindən çox danışmırlar. - Aeroporta bizim maşınla gedəcəksən, çantan da maşındadır. Bu da səni gətirən yəhudi sürücünün vizitkasi.

- Onun yabançı olduğunu hardan bilirsən?

- Hoteldən xəbər vermişdilər.

Bir anlıq susdum. “Burda hamı hər şeyi bilir”. Gözucu Vatanabenin vizitkasına baxıb ad və soyadını oxudum. Aleks Xofman. “Deməli, atası türk olsa da anasının soyadını götürüb. Onlar belə eləməsələr, İsraildə söz sahibi ola bilməzlər”. Sonra öz-özümə gülməyim gəldi. “Həyat yoldaşı yapon qızı, özü isə yarı türk, yarı yəhudi olan bu insanın, görəsən İsraillə nə əlaqəsi var?”. Sualımdan əndişələnib ciddi görkəm aldım. Cey mənim fikrə getdiyimi görüb gülə-gülə şən əhval ruhu yaratmağa çalışdı:

- Narahat olma, çatarsan. Hə, yadıma düşdü, Antalyada yazdığın romanı çap etdirdin?

- Yox hələ. Stokholmdan qayıdandan sonra nəşriyyata verəcəm. Ancaq “Ölülər yerə qayıdır” romanım bir neçə dildə çap olundu. Bəs siz, bu müddətdə nə iş gördünüz?

- İki romanım dərc edilib. Birini də qurtarmaq üzrəyəm.

- Mən tənbələm, sənin kimi səhər saat 6-da dura bilmirəm.

- Əsas çox yazmaq deyil.

- Sadəlövhlük eləmə. Səni bütün dünyada oxuyurlar. Mən isə o marafon yarışına hələ yeni qatılmışam.

Biz portun son dayaq nöqtəsinə çatdıq. Bir az bədənim üşüdü. Gödəkçənin ən üst düyməsini bağlayıb isinmək qərarına gəldim. Ceyin dili sanki yenicə açılmışdı, elə hey nəsə danışırdı.

- Burdan o tərəfdəki dünya bizlik deyil. Elə sən də isinmək istədiyin yun gödəkçənin içindəki məkana sığınmağa çalışırsan.

- Növbəti romanını deyəsən sufilərdən yazırsan?

- Yox, o fikir hardan ağlınıza gəldi?

- Yun pаltаr gеyinənləri Əbu Nəsr Sirac sufi аdlаndırıb.

- Hər bir insan əvvəl-axır mаddi və dünyəvi həyаtını tərk еdib öz içində mənəvi sаflığа çatmağa çalışır.

- Elə sufiliyin də əsası budur. Mənəvi saflıq axtarmağımı necə hiss elədiniz?

- Biz gündoğarların minililk animist inanclarına söykənərək bunu deyirəm. Mənə elə gəlir ki, sən sintoçu, mən islamçıyam. Sən ölülərin ruhunu öz romanında elə danışdırırsan ki, bunu oxuyan oxucu sənin yapon olduğunu düşünər. Mənim romanlarım isə sanki müsəlman düşüncəsiylə yoğrulub. Bunları bilirsən, nə vaxt anladım? Sənin yun gödəkçənə baxanda.

- Onsuz da Tanrı tərəfindən göndərilən bütün dinlərin prinsipləri eynidir və hər birinin ətrafı yun kimi isti qatlarla örtülüb. Əslində onların hamısının içi eynidir, dərinliyinə gedəndə soyuqdan daşlaşırsan.

- Demək istəyirsən ki, piramidalar dinlərin günahından yaranıb.

- Təkcə piramidalar yox, kilsələr, məscidlər, sinaqoqlar, paqodalar, buddist və sintoist məbədləri də. Bunlar, Tanrının ən böyük günahlarıdır.

- Bəs insanların günahı nədir?

- İnsanlar özlərinə nifrət etməyi bacarmır.

- Tanrısı ölmüş insanların nifrət hissləri də yox olub. Biz sintoçuların isə bundan heç qorxusu yoxdur. Bir Tanrının ölməyini özümüzə dərd eləmirik. Onsuz da hər birimizin içində milyonlarla bir-birindən fərqli yolu, fərqli ruhu olan Tanrılar var. Bax, bugün sən o yolun birini tapdalayıb Tanrı vücudunda bura gəlmisən. İçindəki ruhun da hələlik kimə aid olduğunu anlaya bilmirəm.

- Belə çıxır ki, mən sizin dinə görə sunami, qurbağa, ya da siçan Tanrısıyam. İçimdə gəzən ruh da bəlkə sənin babanın ruhudur, yun gödəkçə də elə ondan qalıb...

- Heç ağlıma gəlməyib. Bunu Kiotodan alıbsan?

- Bəli. “Takashimaya” univermağından.

- Babam o səmtlərdə yaşayırdı. Yəqin ruhu gödəkçənin içinə girib.

- Cey, bu nə deməkdir, adamı lap qorxudursan?

- Roman, qorxulu bir şey yoxdur, narahat olma. Mənə elə gəlir, sənin gəlişin elə-belə Yaponiyanı gəzmək, mənimlə görüşmək deyil. Bunun arxasında nəsə gizlənir.

- Nə gizlənə bilər ki?

- Bilmirəm, ürəyimə bir şey damıb. Elə romanlarımın da süjet xəttini əvvəlcədən görürəm, yoxsa, bir sətir belə yaza bilmərəm.

- Yazıçılar onsuz da hər romanını bir-iki il ürəyində gəzdirir, onunla yatır, onunla durur. Və roman bitəndə də onsuz darıxır.

- Belə çıxır ki, dünyada ən çox darıxan elə bizik.

- Həm də darıxan bizik.

- Dünən yuxuda bilirsən nə gördüm?

- Nə gördün?

- Gördüm ki, səninlə tanımadığımız bir yerdə dayanıb kimisə gözləyirik.

- Və demək istəyirsən ki, nə o yeri tanımırsan, nə də kimin gəldiyi haqqında xəbərin yoxdur.

- Elədir.

- Onda sənin yaddaşın ikiləşib, o baxımdan hisslər burulğanına düşübsən.

- “Deja vyu” sindromu? Qocalmaq prosesim ləngiyib deyirsən?

- Mən heç nə demirəm, belə görsənir. Əsəb hüceyrələrin bölünüb və sənə elə gəlir ki, gördüyün yerdə əvvəllər olubsan.

- Sənin də əsəblərin deyəsən qocalana oxşamır.

- O üzdən biz bir-birimizi tapmışıq.

- O gördüyüm yerdə torpağın da qəribə rəngi varıydı, səhv etmirəmsə, sapsarıydı, göyüzü də qırmızıya çalırdı. Gələn insanların da sifəti yamyaşılıydı. Düşünürsən, bu, nə deməkdir?

- Yəqin işıqforun yanında dayanmısıq. Son zəlzələni hiss etsəydim, mən də sənin kimi rəngli yuxular görərdim.

- Mən sənə ciddi söz deyirəm. Özü də zəlzələ günü mən burda yoxuydum, Londonda idim. Sonra bizə iki nəfər də qoşuldu, dörd olduq və hər kəs ayrıca maşına minib yola düzəldi.

- Elə indi də mənim yola düzəlmək vaxtımdır, yoxsa gecikərəm. Yuxu yozmasını Stokholmda geniş müzakirə edərik.

- Ok. Ancaq biz o vaxta kimi yenə görüşsək, təəccüblənmə.

- Bugün məni elə hey təəccübləndirirlər. Göyüzündə bulud olmaya-olmaya maşınımıza bir damcı düşür, sonra ağ işıq, sürücünün ürək oxuması, indi də sənin yuxun...
İlk dəfəydi ki, Cey mənim sözümü kəsib “Lap mistik romanlarda olduğu kimi” sözlərini dedi və saatına baxıb bir anlıq fikrə getdi. “Bax, burda da iki dörd qoşa dayanıb. 12.44”. Bu cümlənin deyilişi isə sanki mənə bir əsrdən sonra gəlib çatdı.

- Yox, deyəsən, bütün bunlar mistikaya bənzəmir, hər şey real həyatda olduğu kimidir.
– Bu sözləri Oiso şəhərçiyinə tərəf baxarkən dilimə gətirdim.

- Elə isə real yol arzusuyla. – dedi Cey.

Və əlini çiynimə vurub məni bir addım qabağa buraxdı. Maşına yaxınlaşana kimi heç kəs danışmadı, sanki iki küsülü insan dənizdən çıxıb qurulanmaq üçün sahilə doğru gedirdi. Əvvəl arxa qapını açıb noutbuku və Ceyin hədiyyə etdiyi “iPAD 3” çantasını oturacağa qoydum, sonra Ceylə türksayağı görüşüb sürücünün yanında əyləşdim. O isə “Bu planşet ən son modeldir və xüsusi sifarişlə hazırlanıb. Fasiləsiz interneti və güclü naviqasiyası var. İndi açsan, sənin harda olduğunu bilərəm. Həm də bunun sahibləri bir-birilə video söhbət də edə bilərlər. Yeni romanını da burda yazarsan. Ekstremal şəraitdə bunun yerini heç nə vermir. Ok?” deyib qapını örtdü. Mənim “Ok!” cavabımı isə o, eşitmədi, çünki bu sözü işlədəndə maşınımız artıq sürət götürmüşdü və yan güzgüdən baxanda o, dəniz kənarında gəmi gözləyən kimsəsiz bir qocaya bənzədi. Yaponlara nədənsə yazığım gəldi. Elə bil Tanrı bütün dərdləri bunlara vermişdi. Bu fikri ürəyimdə səsləndirdiyimə görə bir az utandım və elə ona görə də yapon sürücünün üzünə baxmadım. Gözlərimi yumub yuxuya getdim...