Martın 8-də ABŞ Yayım Şurasında AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı təhdidlər də müzakirə edilib. Şura üzvləri qeyd ediblər ki, araşdırmaçı jurnalist kimi tanınan Xədicə İsmayılova Azərbaycanda şantajla üzləşib. Onlar jurnalistin müdafiəsinin zəruri olduğunu qeyd ediblər.
Şuranın toplantısında bu qurumun çətiri altında fəaliyyət göstərən Yaxın Şərq Yayım Şəbəkəsi, Amerikanın Səsi radiolarının əməkdaşlarına qarşı təzyiqləri, bəzi qaynar nöqtələrdə onların qətlə yetirilmələri müzakirə edilib.
ABŞ-da yerləşən Jurnalistləri müdafiə Komitəsi də bu gün AzadlıqRadiosunun əməkdaşına qarşı təzyiqləri pisləyən bəyanat yayıb.
Martın 7-də naməlum şəxslər AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Jurnalistin ev ünvanına gələn poçtda onun susması tələb olunur, əks halda intim şəkillərini yaymaqla onun rüsvay ediləcəyi yazılır.