Şamaxıda torpaq sürüşməsi aktivləşib

Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsinin aktivləşməsi nəticəsində daha 36 evdə çatlar əmələ gəlib.

APA-nın məlumatına görə, kəndə yağıntının normadan artıq düşməsi səbəbindən qəzalı vəziyyətdə olan evlərin sayı artaraq 50-ə çatıb.

Sakinlərin sözlərinə görə son 3-4 gündə ərazidə torpaq sürüşməsi daha da aktivləşib. Kəndin bəzi hissələri 8-10 metrədək sürüşməyə məruz qalıb. Son bir ildə qəzalı vəziyyətdə olan 14 ev isə tamamilə yararsız hala düşüb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov APA-ya bildirib ki, rayonda ən aktiv sürüşmə zonası hal-hazırda Muğanlı kəndinin ərazisidir: «Təbii torpaq sürüşməsi nəticəsində evlərə ziyan dəyib. Mütəxəssislər kənddə olub, evlərə baxış keçirilib. Vəziyyət nəzarət altındadır, həmin kənddə bir o qədər də təhlükəli hal yoxdur. Kəndin köçürülməsi hələlik nəzərdə tutulmur. Yalnız qəzalı evlərin sakinləri üçün yeniləri tikiləcək».