Ağsu aşırımı bağlandı

Arxiv foto

Martın 26-da Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə AzadlıqRadiosuna Dövlət Yol Polisinin mətbuat xidmətindən Kamran Əliyev məlumat verib.

Kamran Əliyev bildirib ki, sürücülər alternativ yollardan - Muğanlı-İsmayıllı və Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsindən istifadə edə bilərlər.

Təmir işləri başa çatana qədər Ağsu aşırımı bağlı qalacaq.


**

Bakı-Şamaxı-Yevlax yolunun 156-cı km-liyi, Ağsu rayonu ərazisində yol hər iki istiqamətində bağlanıb. «Ans Press»in məlumatına görə, ağır texnika ilə adıçəkilən yola bir neçə yerdə daş və torpaq tökülüb. Nəticədə adıçəkilən istiqamətdə 200-dən çox maşından ibarət tıxac yaranıb.

Sürücülər isə yolda qalmalarında yol polislərini və yol istismar idarəsinin əməkdaşlarını ittiham edirlər. Onların sözlərinə görə, yolun bağlanacağı haqqında onlara əvvəlcədən məlumat verilməli olsa da, bu edilməyib.

Yol istismar idarəsinin rəisi Muradxan Muradxanovun «Ans Press»ə verdiyi məlumata görə, yolun bağlanmasına səbəb Ağsu dolaylarının bir neçə yerində qeydə alınan çökmə, həmçinin Şamaxı rayonunun Muğanlı kəndindəki torpaq sürüşməsi səbəb olub.

Minik avtomobilləri ilə yanaşı, sərnişin avtobusları da yolda qalıb. Bakı istiqamətində gedən sürücülər alternativ yol kimi 50 km geriyə qayıtmaqla, Qaraməryəm-İsmayıllı-Muğanlı yolu, yaxud da 25 km geri qayıtmaqla Ağsu-Kürdəmir-Bakı yolundan istifadə edə bilərlər.

Yol polisləri Bakıdan çıxan sürücülərə Ağsu dolaylarına girmədən, alternativ yollarla hərəkət etməyi, Bakı-Kürdəmir-Qazax, Bakı-Muğanlı-Qəbələ yolları ilə hərəkət etməyi məsləhət görür.